“Yaxşı olardı ki, qrupun həmsədr institutunun tərkibində müsəlman dövləti də təmsil olunsun” Siyasət

“Yaxşı olardı ki, qrupun həmsədr institutunun tərkibində müsəlman dövləti də təmsil olunsun”

Qabil Hüseynli: "Minsk Qrupunda Türkiyənin həmsədr dövlət kimi fəaliyyət göstərməsi ən azından prosesin inkişafına təkan verə bilər"

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sonuncu sessiyası zamanı Dağlıq Qarabağ məsələsinə laqeyd münasibət bir daha nümayiş olundu. Bununla da Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində beynəlxalq qurum tərəfindən soyuq davranış sərgiləndi.
Bəs bundan sonra Dağlıq Qarabağ məsələsinin həll edilməsi istiqamətində nə baş verə bilər? Münaqişənin həll edilməsi üçün nələr gözlənilir? Politoloq Qabil Hüseynli Dağlıq Qarabağ məsələsi barədə konkret nəsə deməyə çətinlik çəkdiyini bildirib: "Çünki nələrin baş verəcəyini, nələrin gözlənildiyini söyləmək çətindir. Proseslər gözlənilmədən dəyişir. AŞ PA-nın sonuncu iclası zamanı haqsız qərarlar verildi. Görünən odur ki, Dağlıq Qarabağ məsələsinin həll edilməsinə köməklik göstərməkdən boyun qaçırırlar". Politoloqun sözlərinə görə, artıq ATƏT-in Minsk qrupunun fəaliyyəti istənilən nəticəni vermir. Ona görə də qrupun tərkibində dəyişiklik edilməsinin zəruriliyini də vurğulayıb. "ATƏT-in Minsk Qrupunun həmsədrləri də artıq Qarabağ məsələsində ümidverici addım atmırlar. İllərdir ki, məsələnin həll edilməsi istiqamətində səy göstərmirlər. Təbii ki, Minsk Qrupunun tərkibinin dəyişdirilməsi istiqamətində Azərbaycan tərəfinin də mövqeyi var. Daha yaxşı olardı ki, qrupun həmsədr institutunun tərkibində müsəlman dövləti də təmsil olunsun. Yeganə Türkiyə dövlətidir ki, ATƏT-in tərkibində yer alıb. Minsk Qrupunda Türkiyənin həmsədr dövlət kimi fəaliyyət göstərməsi ən azından prosesin inkişafına təkan verə bilər".