“Qars müqaviləsinin ləğvi məsələsi gündəmə gəlsə...” Siyasət

“Qars müqaviləsinin ləğvi məsələsi gündəmə gəlsə...”

Aydın Mirzəzadə: "Bir çox faktorlara yenidən baxılmalıdır"

Elxan Şahinoğlu: "Müqavilə pozularsa yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq"

Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan Qars müqaviləsinin ləğvi təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüs Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov tərəfindən irəli sürülüb. Məsələnin Azərbaycana da təsirlərini nəzərə alaraq YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik. A.Mirzəzadə hesab edir ki, Rusiya-Türkiyə münasibətlərində yaşanan problemlərdən istifadə edən bəzi qüvvələrin təxribat xarakterli hərəkətidir: "Tarixi sənədlər heç vaxt səhv ola bilməz. Həmin dövrdə Qars müqaviləsinin bağlanması Rusiyanın maraqlarına cavab verirdi. Xarici işlər naziri olmuş Çiçerin Leninə məktub yazaraq Qars müqaviləsinin bağlanması üçün türklərin razılığını zorla aldıqlarını qeyd edib. Bu gün həmin müqavilənin ləğvi məsələsi gündəmə gəlsə, bir çox faktorlara yenidən baxılmalıdır. Qars müqaviləsi ondan öncə bağlanmış Mudros sülh müqaviləsinin bir növ davamı idi. O zaman Türkiyənin nümayəndəliyi İrəvanda otururdu və Rusiya ilə Türkiyə arasında tez-tez ərazi mübahisələri olurdu. Qars müqaviləsindən sonra narazılıq aradan qalxdı".
A.Mirzəzadəyə görə, Rusiyaya məxsus qırıcı vurulandan sonra iki ölkə arasında yaşanan gərginlikdən bəzi qüvvələr istifadə etməyə çalışır: "İnanmıram ki, Rusiya hakimiyyəti bu təxribata getsin. Qars müqaviləsinin ləğvi məsələsini qaldıranlar ilk növbədə Rusiyaya zərbə vururlar. Bunu Rusiya tarixçiləri və hüquqşünasları yaxşı bilirlər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Rusiya parlamentində "Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir" çağırışlarından narahat olmağa dəyməz: "Birincisi, bu müqavilə pozularsa yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq. Çünki Türkiyə kimi Rusiyanın da üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var". E.Şahinoğlunun sözlərinə görə, bu öhdəlik və məhdudiyyətlər ortadan qalxacaqsa Türkiyə üçün Cənubi Qafqazda istədiyi kimi hərəkət etmək üçün məhdudiyyət qalmayacaq: "Ermənistanın narahatlığı üçün ciddi əsaslar yaranacaq. İkincisi, Naxçıvanın təhlükəsizliyindən də narahat olmağa dəyməz. Qars müqaviləsi pozulacaqsa Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli qarantör müqaviləsi bağlaya bilər. Türkiyənin Naxçıvanda hərbi bazası olacaqsa Ermənistan ora burnunu soxmağa risk etməyəcək. Və nəhayət, bu illərdə Qars müqaviləsinin varlığı Rusiyanı nədənsə çəkindirirmiş və ya Kreml bu müqavilənin bəndlərinə riayət edirmiş? Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır və Rusiya birbaşa işğalçı Ermənistana dəstək verdiyini gizlətmir. Bunun özü Qars müqaviləsinə ziddir. Rusiya beynəlxalq müqavilələrə hörmətlə yanaşsaydı Krımı işğal etməzdi. Halbuki, 1994-cü ildə Budapeştdə imzalanan sazişə görə Ukrayna nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısıyla heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi. "Heç zamanın" ömrü cəmi 20 il çəkdi".
Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsinin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.