Millət vəkili nazirə təklif verdi Siyasət

Millət vəkili nazirə təklif verdi

Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd təsərrüfatı nazirinin iştirakı ilə keçirilən tədbirdə sakinləri narahat edən problemləri qaldıraraq hökumətdən dəstək göstərilməsini xahiş edib.
Deputat Tovuz rayonu ilə bağlı bir sıra təkliflərlə çıxış edib.
Q.Paşayeva görüşdə Tovuzdakı aqrar sektora mənfi təsirini göstərən problemləri diqqətə çatdırıb:
"Əkin sahələrinin suvarılması, Kür çayına yaxın ərazilərdə suyun verilməsi mexanizmləri, artezian quyularında elektrik enerjisi ödəmələri ilə bağlı sakinlərə dəstək mexanizmləri artırılmalıdır. Rayonda toxumçuluqla bağlı ciddi problemlər qalmaqdadır. Keyfiyyətsiz toxumlar məhsuldarlığa ciddi ziyan vurur. Bununla yanaşı, dərmanların keyfiyyətinin yüksək olması vacibdir. Nazirliyin dəstəyi ilə televiziyalarda kənd təsərrüfatı ilə bağlı proqram və sosial çarxların artmasına böyük ehtiyac var".
Millət vəkili kənd yarmarkalarının sayının artırılmasına da toxunub:"Məhsulların Gürcüstan bazarına çıxarılmasında süni əngəllər aradan götürülməlidir. Rayonda üzümçülüyün inkişafına şərait, emal müəsisələri yaradılmalıdır".
Maldarlıqla bağlı məsələlər barədə geniş danışan Q.Paşayeva nazirliyin Ağcabədi, İmişli və Bərdədə həyata keçirdiyi pilot layihələrə Tovuzun da daxil edilməsini xahiş edib.