MM sədri Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alıyansı nümayəndə heyətinin üzvləri ilə görüşüb Siyasət

MM sədri Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alıyansı nümayəndə heyətinin üzvləri ilə görüşüb

Oktay Əsədov:"Avropa Parlamenti tərəfindən qərəzli yanaşmalar münasibətlərdə soyuqluq yaradıb"

Yan Zahradil:" AŞ PA kimi mötəbər qurumda mühafizəkarlarla azərbaycanlı deputatlar arasında yaxşı əlaqələr var"


Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alıyansı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə,Oqtay Əsədov deyib ki, Azərbaycan Avropa İttifaqı və onun qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır. O bildirib ki, Milli Məclis də öz növbəsində bu istiqamətdə müəyyən addımlar atıb: "Lakin son dövrlər Avropa Parlamenti tərəfindən ölkəmizə münasibətdə sərgilənən qərəzli və müəyyən maraqlara xidmət edən yanaşmalar münasibətlərdə soyuqluq yaradıb. Avropa Parlamentinin üzvləri tərəfindən fərdi qaydada münasibətlərimizin nizamlanması və əlaqələrin bərpası cəhdləri təqdirəlayiqdir. Bu baxımdan təşkilatın Mühafizəkarlar və İslahatçılar siyasi qrupu üzvlərinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. İnanırıq ki, bu cür səfərlər ümumi məqsədlərə xidmət edir".

Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar Alyansı nümayəndə heyətinin rəhbəri, qurumun prezidenti Yan Zahradil həm Avropa Parlamentinin deputatı, həm də rəhbərlik etdiyi qrupun siyasi rəhbəri qismində Azərbaycana gəldiyini söyləyib. Məqsəd Avropa Parlamenti ilə Azərbaycan, o cümlədən Milli Məclis arasındakı münasibətləri normal məcraya yönəltmək, münasibətləri bərpa etməkdir. O, deputat Qüdrət Həsənquliyevin başçılıq etdiyi Bütöv Azərbaycan Xalq Partiyasının sədri olduğu alyansla yaxşı münasibətləri olduğunu və bu qrupa tamhüquqlu üzv kimi daxil olduğunu qeyd edib. Eyni zamanda, AŞ PA kimi mötəbər qurumda da mühafizəkarlarla azərbaycanlı deputatlar arasında yaxşı əlaqələr olduğunu nəzərə çatdırıb.
Görüşdə BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Avropa Parlamentinin vitse-prezidenti Rişar Çarnetski və digər şəxslər iştirak edib.