Terrorun (v)İran üzü Siyasət

Terrorun (v)İran üzü

“İran İslam Respiblikası” adlanan xalqlar həbsxanasının tarixi terrorla başlayır və yəqin ki, AirFrance ilə Tehranın Mehrabad havalimanına eniş edən rejim ideoloqunun din və məzhəb pərdəsi altında başlatdığı absurd teatrında cərəyan edən hadisələri izləyən şəxslər 1979-cu ilin noyabrında ABŞ-ın Tehrandakı səfirliyinə edilən hücumu və diplomatik missiyanın 52 əməkdaşının girov götürüldüyünü yaxşı xatırlayırlar. Bütövlükdə “İran” adlanan ölkədə, eləcə də molla rejiminin müzdli qatillərinin dünyanın müxtəlif ölkələrinin ərazisində yerləşən səfirliklərə, diplomatlara qarşı həyata keçirdikləri hücum, terror aksiyası və sui-qəsdlərin sayı 40-dan çoxdur. “İran” ərazisində isə diplomatik nümayəndəliklərə, diplomatlara qarşı bu günədək 9 hücum, terror aktı və sui-qəsd qeydə alınıb:

  1. 4 noyabr 1979-cu il – ABŞ-ın İrandakı səfirliyi
  2. İyun 1987-ci il – Küveyt və Səudiyyə Ərəbistanı səfirlikləri
  3. 17 sentyabr 1989-cu il – Çin səfirliyi
  4. 7 fevral 2007-ci il Danimarka səfirliyi
  5. 18 fevral 2009-cu il – Pakistan səfirliyi
  6. 11 may 2010-cu il – Pakistan səfiri
  7. 29 noyabr 2011-ci il – Böyük Britaniya səfirliyi
  8. 3 yanvar 2016-cı il – Səudiyyə Ərəbistanının səfirliyi
  9. 27 yanvar 2023-cü il – Azərbaycan səfirliyi

Əslində bu siyahıya SEPAH-ın və bu terrorçu təşkilatın “törəmə” təsisatlarının Yaxın Şərqdən Cənubi Amerikayadək nəhəng bir çoğrafiyada həyata keçirdikləri, yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan çoxsaylı terror aksiyalarını da əlavə etmək olardı. Amma buna vaxt və enerji sərf etmək niyyətindən çox uzağam. Bu baxımdan, molla rejiminin müxtəlif ölkələrdə diplomatik missiyalara və diplomatlara qarşı həyata keçirdiyi və ya keçirmək istədiyi, yəni qarşısı alınan terror aksiyalarına, molla rejiminin “diplomat” adıyla terror aksiyası törətmək üçün göndərdiyi cinayətkarlarla bağlı faktlara diqqət çəkməyi yetərli hesab edirəm:

13 iyul 1989-cu il – Vena (Avstriya): İran səfirliyinin əməkdaşları rejimə müxalif olan 6 nəfəri qətlə yetiriblər.

17 mart 1992-ci il – İranın maddi-texniki dəstək verdiyi terror təşkilatının İsrail səfirliyi qarşsıında həyata keçirdiyi terror aksiyasında 29 nəfər ölüb, 252 nəfər isə yaralanıb.

16 may 2011-ci il – Pakistan: İran cəsusları Səudiyyə Ərəbistanının diplomatı Hassan Al-Katanini qətlə yetiriblər.

29 sentyabr 2011-ci il – Vaşinqton: SEPAH-ın Səidiyyə Ərəbistanının səfirinə qarşı terror aksiyası hazırladığı aşkarlanıb və qarşısı alınıb.

13 fevral 2012-ci il – Hindistan: SEPAH İsrail diplomatlarına qarşı həyata keçirdiyi terror aksiyası zamanı 4 nəfər yaralanıb.

14 fevral 2012-ci il – Tailand: SEPAH-ın üç terrorçusu İsrail diplomatlarına qarşı hazırladıqları terror aksiyasını partlayıcıların tez alışması səbəbindən gerçəkləşdirə bilməyiblər.

2013-cü il - Bosniya və Hersoqovina: İran səfirliyinin iki diplomatı cəsusluğa və terror qrupları ilə əlaqələrinə görə ölkədən qovulublar;

13 aprel 2013-cü il – Nepal – Molla rejiminin muzdlu qatili İsrail səfirinə qarşı terror aksiyası hazırladığına görə həbs edilib.

8 yanvar 2015-ci il – Uruqvay: İran səfirliyinin yüksək rütbəli diplomatı İsrail səfirliyi yaxınlığında terror aksiyası həyata keçirməyi planlaşdırdığına görə ölkədən qovulub.

Noyabr 2016-cı il: Keniya: İran səfirliyinin iki əməkdaşı və sürücüsü İsrail səfirliyinə qarşı terror aksiyası hazırladıqlarına görə həbs ediliblər.

Bu siyahıya “İran”ın müxtəlif ölkələrdəki emissarlarının diplomatik nümayəndəliklərə, o cümlədən Azərbaycan səfirliyinə odlu silah və partlayıcılardan istifadə olunmadan, daş, dəmir və taxta dəyənəklərlə etdikləri hücumları yazmadım. Görünən kəndə bələdçi lazım deyil. Molla rejiminin adının olduğu hər yerdə terror, qan, şər-xəta, məkr və saysız hesabsız qaranlıq əməllər boy göstərir.

Molla rejiminin cinayətkar və anti-humanist mahiyyətini bir daha göz önünə sərgiləmək üçün son olaraq, dəyərli oxucuların bir məqamı da nəzərə almalarını vacib hesab edirəm: Hər il ayrı-ayrı qaynar nöqtələrdəki terror təşkilatlarına və cəsus şəbəkələrinə milyardlarla dollar vəsait xərcləyən İran ağız dolusu danışdığı, bəh-bəhlə öydüyü, ünvanına boğazdan yuxarı nə mümkündürsə öyüdüyü Fələstinin kimsəsiz uşaqlarına, saysız-hesabsız müraciətlərə baxmayaraq, 10 il ərzində cəmi 20 min dollar yardım göstərib...

Elçin Mirzəbəyli