“Qafqaza sülh lazımdır” Siyasət

“Qafqaza sülh lazımdır”

"Son günlər Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə başlanan qarşıdurma və yaranan gərginlik Qafqaz regionuna yayıla bilər. Bu münaqişəni tənzimləmək üçün danışıqlar lazımdır".
Bunu Gürcüstan parlamentinin deputatı, "Gürcü Arzusu" fraksiyasının sədri Giorgi Volski bildirib: "Rəsmi Tiflis münaqişənin həlli üçün həmişə Gürcüstan ərazisində danışıqlar aparmağı və vasitəçi olmağa cəhd edib. Azərbaycan-Ermənistan münaqişəsini həll etmək üçün Gürcüstandan daha yaxşı vasitəçi yoxdur. Bu gərginliyi sülh yolu ilə həll etmək üçün görüşlər keçirməyin vacibliyini Tiflis hər an bəyan etməyə hazırdır. Bu, çox böyük və ciddi gərginlikdir. Biz bu vacib məsələ ilə bağlı böyük dövlətləri, Rusiya, ABŞ, Fransa və Avropa ölkələrini münaqişənin həllinə təsir etməyə çağırırıq. Sözsüz ki, Minsk qrupu özünü bu məsələnin həllinə çalışan bir təşkilat kimi göstərir. Biz sülh sözünün qiymətini bilirik. Biz öz ərazimizdə abxazlar və osetinlərlə konflikt yaşamışıq. Qafqazda baş verən problemlər beynəlxalq hüquq çərçivəsində həll olunmazsa, bu məkanda heç vaxt sakitlik ola bilməz".
G. Volski deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Bizim Azərbaycan ilə əlaqələrimiz dünya üçün lazımdır. Azərbaycan bizim əsas enerji təminatçımızdır və bu ölkə yalnız bizə yox, həm də Gürcüstandan tranzit vasitəsi ilə şərqi və qərbi Avropaya enerji resursları ötürən bir dövlətdir. Azərbaycan ilə Gürcüstanı iqtisadi layihələr də birləşdirir. Dağlıq Qarabağdakı münaqişə nəinki Gürcüstandan keçən beynəlxalq layihələrə, həmçinin digər bölgələrdə olan layihələrə təsir edə bilər. Qafqazda yalnız Azərbaycan və Gürcüstan problemli ərazilər deyil. Şimali Qafqaz da problemli bölgədir. İstər Cənubi, istərsə də Şimali Qafqaz həssas ərazilərdir. Qafqaza sülh lazımdır. Düşünürəm ki, böyük dövlətlər bu münaqişələri həll etməyə qadirdir".