"Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsini müşahidə edirik" Siyasət

"Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsini müşahidə edirik"

Qarabağdakı mülki erməniləri Rusiyanın, Fransanın, İranın və digər güclərin əlinə oynayan separatçı, terrorçu ermənilərdən ayırmağın əsl məqamı yetişib. Mülki ermənilər bizim vətəndaşlarımız sayılır və onlar 30 ildən çoxdur ki, təcavüzkar Ermənistanın və qondarma rejim olan "dqr" adlı separatçı qüvvənin girovluğu altında yaşayır. Bunu "Xalq Cəbhəsi"nə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya sədri qeyd edib ki, rəsmi Bakı 44 günlük müharibədən sonra Qarabağdakı mülki erməni icması ilə təmas qurmaq üçün dəfələrlə təşəbbüs göstərib:

"Lakin Ermənistana və separatçılara havadarlıq edən böyük dövlətlər Araik Arutyunyan, Ruben Vardanyan kimi "kukla"ların, separatçı ünsürlərin əli ilə bu təmasları hər daim əngəlləməyə çalışıblar. Belə ki, təmasların baş tutmaması və yaxud nəticəsiz qalması üçün ən müxtəlif təxribatlar törədilib. Martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyətimizin Xocalıda erməni ictimaiyyətinin nümayəndələri ilə baş tutan reinteqrasiya ilə bağlı görüşdən bir neçə gün sonra (martın 5-də) Xankəndi-Xəlfəli-Turşsu istiqamətində qanunsuz erməni silahlı dəstələrinin atəşkəsi pozaraq Azərbaycan hərbçilərinə qarşı silahlı təxribat törətməsi də məhz sözügedən təmasları əngəlləməyə, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə dinc yolla reinteqrasiya edilməsi prosesinin qarşısının alınmasına hesablanmışdı.

Ancaq rəsmi Bakı bu təxribatların nəyə hesablandığının fərqindədir və ona görə də təmkinli davranış nümayiş etdirərək reinteqrasiya prosesini məntiqi ardıcıllıqla davam etdirir". Ə.Hüseynov vurğulayıb ki, biz Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsini müşahidə edirik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etməsi də bu iradənin göstəricisidir:

"Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsinin təklif olunması isə Azərbaycanın öz erməni vətəndaşları ilə təmaslara böyük önəm verdiyini təsdiqləyir. Görüşün Bakıda baş tutması dünya birliyi tərəfindən əsl barış mesajı kimi qəbul olunacaq. Bu hadisə həm sülh danışıqları prosesində, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı ərazilərimizdə suverenliyimizin bərpa olunması istiqamətində əlimizi daha da gücləndirəcək".

Cavid