Hər kəs işğalçının dərsinin tam verilməsini arzulayır” Siyasət

Hər kəs işğalçının dərsinin tam  verilməsini arzulayır”

Elçin Mirzəbəyli: "Azərbaycan Ordusu Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyünü iddia edənlərin yaratdıqları mifi cəmi bir neçə günə dağıtdı.

Azərbaycan ordusunun aprelin ilk günlərində Qarabağ cəbhəsində həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatını və onun nəticələrini şərh edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, döyüş meydanında son baş verənlər işğalçı Ermənistana və onu dəstəkləyənlərə ciddi dərs olub:
"Əlbəttə ki, Ordumuzun düşmən təxribatına cavab olaraq, dörd gün ərzində gerçəkləşdirdiyi möhtəşəm əməliyyatlar Azərbaycanda hərbi, mənəvi-psixoloji üstünlük yaratdığı kimi, Ermənistanda da kəskin sarsıntılara səbəb olub.
Azərbaycan Ordusu öz yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirməklə, Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyünü iddia edənlərin yaratdıqları mifi cəmi bir neçə günə dağıtdı.
Bu uğurumuz eyni zamanda, Azərbaycan dövlətinin hərbi qüdrətini və öz ərazi bütövlüyünü bərpa etməyə yönəlik əzmini və qətiyyətini də növbəti dəfə ortaya qoydu.
Digər tərəfdən, Azərbaycan cəmiyyəti də bu günlərdə heç vaxt olmadığı qədər bütövləşərək, öz dövlətlərinə bağlılığını, onun uğrunda hər fədakarlığa hazır olduğunu əyani sübut etdi. Dörd günlük savaş Azərbaycan vətəndaşlarının dövlətlərinə güvəninin tam olduğunu bir daha göstərdi.
Bu çərçivədə təbii ki, yerli medianın fəaliyyətini də qiymətləndirmək lazım gəlir. Sevindirici haldır ki, hərbi əməliyyatların davam etdiyi günlərdə Azərbaycan mediasının uyğun şəraitlər üçün peşəkarlığının nə qədər yüksəldiyi qabarıq göründü.
Dünyanın bu baş verənlərə münasibətinə gəldikdə isə, Qərb dövlətləri ilə mediasının Azərbaycanın haqlı mövqeyinə dəstək vermələri çox əlamətdar haldır. Konkret desək, Rusiya və Ermənistan mediası istisna olmaqla, digər ölkələrin mediası cəbhədəki hərbi əməliyyatları obyektiv işıqlandırdılar".
Elçin Mirzəbəyli Qarabağ cəbhəsində atəşkəslə bağlı razılaşmaya toxunaraq, bunları deyib: "Azərbaycan cəmiyyətinin uğurlu hərbi əməliyyatlardan sonra atəşkəs elan olunmasına təpki göstərməsini təbii qarşılamaq lazımdır.
Çox cüzi istisnalar olmaqla, hər kəs müharibənin davam etdirilməsini və işğalçının dərsinin tam verilməsini arzulayır.
Amma fikrimcə, bu məsələyə təmkinlə yanaşmaq lazımdır. Hər birimiz gördük ki, Azərbaycan dövləti gərəkən anda lazım olan addımı atdı. Heç kəs şübhə etməsin ki, zəruri anda yenə də eyni hal təkrarlanacaq.