Laçın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək Siyasət

Laçın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək

Martın 28-də ölkə başçısı İlham Əliyev Məsim Məmmədovun Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilməsi ilə əlaqədar onu qəbul edərək bu rayonun gələcək inkişafi, işğaldan azad edildikdən sonra burada görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışib, həmçinin bir sıra mühüm məsələlərə toxunub.

Dövlət başçısı qəbulda etdiyi çıxışda deyib: “Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur”.

Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.

Yaddan çıxmamalıdır ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. 90-cı illərin əvvəlində AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Nəticədə isə müdafiəsiz qalan rayon ermənilər tərəfindən işğal edildi və rayonun əhalisi döğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif rayonlarında məcburu köçkün həyatı yaşamağa məcbur oldular.

Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.
Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi başa çatanda rayon Azərbaycanın nəzarətinə keçsə də, obyektiv səbəblərdən Laçın şəhəri nəzarətdən kənarda idi. 2020-ci il noyabrın 9-da Prezident İlham Əliyevin Rusiya Prezidenti ilə bütün gün ərzində apardığı danışıqlar nəticəsində Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləri razılaşdırıldı və bu məqsədlə alternativ yolun çəkilişi yekun Bəyanata salındı.

İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Ölkə başçısı çıxışında qərbli ölkələri tənqid edərək bildirib: Xüsusilə bildirməliyəm ki, uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. İndi – müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu.

kinci Qarabağ müharibəsi başa çatan kimi ölkə başçısı tərəfindən dərhal göstəriş verildi ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin və Azərbaycan bu işi bir il yarım ərzində həll etdi. Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun 2-də yol istismara verildi. Avqustun 26-da isə Azərbaycan ordusu Zabux, Sus kəndlərinə və Laçın şəhərinə daxil oldu.

Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir.

Laçın rayonunun təhlükəsizliyi ilə bağlı atılan addımlardan danışan dövlətimizin başçısı deyib ki, Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işlərinin başa çatmaq üzrədir: “Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq”.

Yaxın gələcəkdə Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.

Salahov Fuad Fərman oğlu
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri