“Həmsədr dövlətlərin hər biri ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar” Siyasət

“Həmsədr dövlətlərin hər biri ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar”

Tahir Mirkişili: "Ancaq onlar arasında həm qlobal olaraq, həm də bizim regionda maraqlar uğrunda ciddi rəqabət, fikir ayrılığı mövcuddur"

"ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər biri ayrı-ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayırlar. Ancaq həmsədr ölkələr arasında həm qlobal olaraq, həm də bizim regionda maraqlar uğrunda ciddi rəqabət, fikir ayrılığı mövcuddur". Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, onlar arasındakı rəqabət həmsədrləri maraqlı tərəf halına salır: "Bu da hər üç ölkənin münaqişənin həlli üçün real, vahid və kəsərli mövqe nümayiş etdirərək işğalçı Ermənistana təzyiq etmələrinə mane olur. Əslində münaqişənin həlli üçün regionun maraqları əsas götürülməli, haqq, ədalət, beynəlxalq hüquq normaları yeganə çərçivə olmalıdır".
Tahir Mirkişili cəbhədə baş verən son hadisələr fonunda beynəlxalq təşkilatların sərgilədiyi mövqeyə toxunaraq bildirib ki, sözügedən hadisədən sonra bir çox beynəlxalq təşkilatlar neytral qalmağa çalışdılar: "Daha öncəki illərlə müqayisədə bunun özu də diplomatiyamızın uğuru sayılmalıdır. Ancaq Azərbaycanın istəyi bütün beynəlxalq təşliltların işğalçı dövlətə təzyiq etməsidir. Təbii ki, eyni zamanda bəzi beynəlxalq təşkilatlar da Ermənistanın öz işğalçı ordusunu işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmasının vacibliyini bəyan etdilər. Biz Azərbaycan dövləti olaraq bu mövqeyi hər kəsdən gözləyirik, neytral və ya mövqe bildirməmə işğalçını daha da azğınlaşdırır və hərbi münaqişə ehtimalını daha da artırır". "Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində düşmən ölkə getdikcə təklənir, aciz durumda qalır"-deyə qeyd edən deputat vurğulayıb ki, son hadisələrdən sonra işğalçı dövlətin ordusunu ciddi qorxu hissələri bürüdü: "Ermənistan əhalisi bu münaqişənin onlara heç bir zaman rahatlıq gətirməyəcəyinin indi daha çoz fərqindədirlər. Tam tərsinə, Azərbaycan ordusu öz gücünün kiçik bir hissəsini göstərməklə düşməni darmadağın etdi. Azərbaycan əhalisinin, xüsusən 100 minlərlə gəncin Ali Baş Komandan ətrafında sıx birləşməsi böyük və qarşısı alınmaz bir gücün mövcudluğunu bütün dünyaya nümayiş etdirdi. Düşmənin təxribatlarına layiqli cavab verildi. Düşünürəm ki, düşmən bir daha təxribatlara cəhd edərsə, daha sərt və daha genişmiqyaslı cavabını alacaq. Buna artıq ermənilərin də şübhəsi qalmayıb".