Rusiya İrəvana öhdəliyini xatırlatdı Siyasət

Rusiya İrəvana öhdəliyini xatırlatdı

Sergey Lavrov: "Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək"

"Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə müsahibəsində deyib.
Nazir bildirib ki, Ermənistan bu məsələni müzakirə etmir: "Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşdiriləcək"
Lavrov bildirib ki, Moskva Dağlıq Qarabağda istənilən atəşkəs pozuntusunun qarşısını almağı və bunun üçün işlək mexanizmlərin hazırlanmasını başlıca məsələ hesab edir: "İndi ən əsas məsələ yeni itkilərdən qaçmaq və hər cür atəşkəs pozuntusunun qarşısını almaq, bunun üçün işlək mexanizmlər, tədbirlər hazırlamaqdır".