

“10 noyabr Bəyanatına əsasən, Zəngəzur dəhlizində təhlükəsizlik funksiyasını Rusiya həyata keçirməlidir”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, diqqətə çatdırıb ki, həmin vaxt proseslər inkişaf istiqamətindən asılı olaraq, Ermənistan buna etiraz edə bilmədi: “Rusiya nəqliyyat yolları üzərində öz geosiyasi mövqeyini qoruyub saxlamağa çalışdı. İndi isə Ermənistan Rusiyanın Zəngəzur dəmir yolu üzərində təhlükəsizliyi təmin etməsinə qarşı çıxır.
Bu, Nikol Paşinyanın anti-Rusiya siyasətinin tərkib hissədir. Onlar Ermənistanın müstəqilliyinin sual altında olduğunu qeyd edirlər. Halbuki Ermənistanın sərhədlərini Rusiya mühafizə edir. Ola bilsin ki, Ermənistan sərhədlərini Rusiyanın mühafizə etməsini istəməyən Qərb Paşinyana belə bir təlimat verib.
Ümumiyyətlə, monitorinq mülki missiyadır və Rusiyanın geosiyasi mövqeyinin güclənməsinə xidmət etmir. Dəmir yolunun mühafizəsi ilə bağlı yaranmış problem Ermənistanla Rusiya arasında olan daxili məsələdir. Azərbaycan bu məsələy qarışmır. Amma Rusiyanın Cənubi Qafqazdan getməsi Azərbaycanın maraqlarına uyğundur.
Azərbaycan da Zəngəzur dəmir yolunda Rusiya qoşunlarının olmasını qəbul etmir və Ermənistan kimi bu məsələni rəsmən qaldırmır. Çünki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmır. Yəqin ki, Rusiya və Ermənistan arasında bu mübahisə və gərginlik davam edəcək.
Hesab edirəm ki, Ermənistan tərəfi Rusiyaya qəti şəkildə güzəştə getməyəcək. Ermənistan özü vəziyyətə nəzarəti əlində saxlayacaq. Bu yolun geosiyasi layihə olduğunu nəzərə alsaq, Türkiyə də təhlükəsizlik funksiyasını Rusiyanın həyata keçirməsini istəmir. Pərdəarxası söhbətlərdə Rusiyanın bu yola nəzarət etməməli olduğuna dair fikirlər var. Dəmir yolu Ermənistan ərazisindən keçdiyi üçün rəsmi İrəvan buna icazə verməməlidir”.