

Ali Baş Komandan İlham Əliyev cari ilin 23 iyun tarixində Müdafiə Nazirliyinin komando hərbi hisssələrindən birinin açılışı zamanı ordumuzun daha da gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs edib, görülən işlərin miqyasına toxunub. Ali Baş Komandan qeyd edib ki, yaxın gələcəkdə Azərbaycan Ordusu yeni, yüksək səviyyəyə yüksələcək.
İyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağını təqdim etmə mərasimində Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərdiyini vurğulayaraq deyib: “Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.
“Prezident İlham Əliyev, çıxışında, Silahlı Qüvvələrin yenidən təşkilatlanması, ən müasir silahların və döyüş texnikasının alınması, ölkənin təhlükəsizlik sisteminin daha da gücləndirilməsi barədə, aparlan islahatlarla geniş ictimaiyyəti məlumatlandırdı. Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar və bir çox regional məsələlərlə əlaqədar müasir dövrün aktual mövzularına aydınlıq gətirdi. Xüsusilə, yeni pilotsuz uçuş aparatlarının, dəqiqliklə uzaqvuran raketlərin alınması üçün kontraktların bağlandığını, komando heyətlərinin, dəniz piyadalarının say tərkibinin artırıldığını, dövlət büdcəsində müdafiə xərclərinə əlavələr edildiyini vurğuladı.
Tədbirdə Ali Baş Komandanımıza komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirildi. Komanda hərbi hissəsinin istifadəsində olan pilotsuz vasitələr, yeni NATO standartlı mühəndis avadanlıqları, uzun mənzilli snayper silahları, zirehli personal daşıyıcıları və sair kimi müasir texnikalar, komanda hərbi hissələrinin silahlanmasına daxildir. Azərbaycan Ordusunun tabeliyində olan komanda hissələri həm Şərqi Zəngəzurda, həm Ermənistanla sərhəddə, həm də digər ölkələrlə sərhədlərimizə yaxın ərazilərdə, həm də Rusiya sülhməramlı kontinentinin müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonuna qismən yaxın ərazilərdə yerləşdirilib. Bunun da əsas məqsədi komando hərbi hissələrinin həm Ermənistanla sərhəddə, həm Rusiyanın Azərbaycandakı sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə baş verə biləcək təxribatlara minimal vaxtda reaksiya verməkdən ibarətdir.
44 günlük müharibənin yaratdığı reallıqlardan biri də odur ki, Cənubi Qafqaza daxil olmaq istəyən xarici güclərin sayı kəskin artdı. Hətta, Ermənistanı müdafiə məqsədilə, bölgəyə ordu yeritmək istəyən cənub qonşumuzun təhlükəli addımlarını gördük.
Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik.
Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın.
Bu gün Azərbaycan Ordusunun hər bir birliyində və korpusların hər birində bir və ya bir neçə komanda briqadası mövcuddur. Onların vəzifələri motoatıcı, hərbi hissələrindəkindən fərqlənir. İkinci Qarabağ müharibəsinin təcrübəsinə əsasən, ordumuzun rəhbəri belə qərar qəbul etmişdi ki, ağır silahlara malik motoatıcı hərbi hissələrin dağlıq və yüksək dağlıq ərazilərdə ağır texnikalarla hücum və ya əks hücum əməliyyatları icra etməsi müəyyən çətinliklər yaradır.
Silahlı Qüvvələrimizin daha da güclənməsi, döyüş hazırlığının yüksəldilməsi, birmənalı şəkildə, ölkəmizlə yanaşı, bütövlükdə regionun təhlükəsizliyinin təmin olunmasında əsas faktor olaraq qalır”.
Anar Məmmədov
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri