“Azərbaycan Türkiyə ilə bir yerdə olacaq” Siyasət

“Azərbaycan Türkiyə ilə bir yerdə olacaq”

Nazim İbrahimov: "Almaniyanın uydurma "erməni soyqırımı"nı tanınması ilə bağlı Türkiyəyə dəstək verəcəyik"

"Azərbaycan həmişə Türkiyənin yanında olub və bundan sonra da belə olacaq".
Bunu Almaniya Bundestaqında uydurma "erməni soyqırımı"nın tanınmasına münasibət bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Komitə sədri bildirib ki, Almaniya Bundestaqında "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanan qətnamənin qəbulu ilə bağlı bundan sonra nə baş verəcəksə, Azərbaycan Türkiyə ilə bir yerdə olacaq: "Belə hallar dəfələrlə olub. İsrail parlamentində də belə bir addıma cəhd edildi. Amma Azərbaycan diasporunun da fəallığı nəticəsində bunun qarşısı alındı.
Yenə də Azərbaycan diasporu Türkiyənin yanında olacaq, bununla bağlı hansı addımlar atılacaqsa, biz Türkiyəyə dəstək verməyə hazırıq. Bu halın niyə baş verdiyini aydınlaşdırmaq lazımdır. Erməni təxribatının qarşısı bizim birgə səyimiz nəticəsində alınmalıdır və alınacaq".
Nazim İbrahimov Azərbaycan diasporunun fəaliyyətindən də söz açıb və bəyan edib ki, Azərbaycan diasporu öz sözünü bütün dünyada deyib və səsi dünyada eşidilir. Onun sözlərinə görə, aprelin əvvəlində erməni təcavüzkarlarının etdiyi təxribatlara cavab olaraq, Azərbaycan Ordusunun müvəffəqiyyətli hücumları zamanı Azərbaycan diasporu dünya ictimaiyyətini çox gözəl şəkildə məlumatlandıra bildi.
Nazim İbrahimov deyib ki, əvvəlki illərdə Azərbaycan hər zaman informasiya müharibəsində uduzurdu: "Ona görə də torpaqlarımız işğal altında ola-ola az qalırdı ki, bizi işğalçı dövlət kimi tanısınlar. Bu dəfə isə proseslər göstərdi ki, diasporumuz düzgün yoldadır. Dünyadakı bütün diaspor üzvlərimiz keçirdikləri qətiyyətli aksiyalarla, müxtəlif instansiyalarla yazdıqları məktublarla, yəni ümumi müasir üsullardan istifadə edərək Azərbaycan dövlətinin, Ordusunun yanında olduğunu göstərdilər. Hamımıza bir daha aydın oldu ki, müharibələri təkcə silahla deyil, informasiya sahəsində udmaq lazımdır. Biz artıq informasiya sahəsində də müharibəni udmağa hazır bir ölkə, diasporuq. Ölkə Prezidentinin bizim qarşımızda qoyduğu "biz informasiya sahəsində informasiya hücumu taktikasını seçməliyik" tapşırığına uyğun olaraq, hücum taktikası seçilib və özünün bəhrəsini verməyə başlayıb".