Azərbaycanın Avropa ölkələrində koordinasiya mərkəzləri yaradacaq Siyasət

Azərbaycanın Avropa ölkələrində koordinasiya mərkəzləri yaradacaq

"Dünya Azərbaycanlılarının Bakıda keçirilən IV qurultayında Azərbaycan prezidenti İlham Əliyevin çıxışı proqram xarakterli olub. Bütün diaspora üzvləri böyük ruh yüksəkliyi ilə cənab prezidentin çıxışından sonra yaşadıqları ölkələrdə daha qətiyyətli fəaliyyət göstərəcəklər və Azərbaycanın haqq səsini bütün dünyaya daha yüksək səviyyədə çatdıracaqlar".
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədriNazim İbrahimov deyib.
O bildirib ki, prezident İlham Əliyev diaspora fəaliyyətinin bütün istiqamətləri barədə dəyərli fikirlər söyləyib: "Cənab prezidentin tövsiyələri ilə həm diaspor təşkilatları, həm də bu işləri koordinasiya edən Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun fəaliyyətini daha da irəliyə aparacaq".
Nazim İbrahimov qeyd edib ki, Azərbaycan yaxın gələcəkdə Avropa ölkələrində, dünyanın bir çox yerlərində müəyyən siyasi mərkəzlərin, koordinasiya mərkəzlərinin yaradılmasına nail olacaq: "Bu ideya neçə vaxtdır var. Bu gün də cənab prezidentin çıxışından ruhlanaraq Avropa ölkələrində 5-dək mərkəz yaratmaq istəyirik. Bu mərkəzlərin Brüssel, Paris, Berlin və Skandinaviya ölkələrinin birində yaradılması nəzərdə tutulur. Bunun üçün Dövlət Komitəsinə Prezidentin Ehtiyat Fondundan vəsait də ayrılıb. Prezident bu gün də bəyan edib ki, dövlət bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Qurultayda səslənən fikirləri də daha da konkretləşdirib yaxın 5 ildə daha da irəli gedəcəyik".