“İran Azərbaycandan islam dinini apardı” Siyasət

“İran Azərbaycandan islam dinini apardı”

Mübariz Əhmədoğlu: "Bunun arxasınca İran özü də Azərbaycandan gedəcək"

Türkiyə və Rusiyanın barışıq əldə etməsində Azərbaycanın hədsiz rolu olub. Bunu politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, ABŞ, Avropa İttifaqı 2 dövləti barışdırmaq üçün təşəbbüslər irəli sürdü: "Lakin ən işlək təklif Azərbaycan və Qazaxıstandan gəldi. Azərbaycanın təklifləri Türkiyə və Rusiyanın mentalitetinə uyğun təkliflər oldu. Burada müstəsna rol Azərbaycan prezidentindədir". Politooq qeyd edib ki, bu, Azərbaycan xalqının uğurudur: "Bu gün uğurumuzun fundamenti Rusiya-Türkiyə münasibətlərinin bərpa edilməsidir. Çalışaq ki, Rusiya-Türkiyə prezidentlərinin növbəti barışıq görüşü Bakıda keçirilsin".
Politoloq əlavə edib ki, Rusiya və Türkiyənin barışması Ermənistana matəm gətirdi, o matəm içərisindədir: "Bu bizi zərrə qədər aldatmamalıdır. Ermənistan öz təxribatlarını davam etdirir. Ermənistan prezidenti Serj Sarkisyan üçün Sankt-Peterburq görüşünün əhəmiyyəti yoxdur. O mağara millətçisidir. Onun nəsli Azərbaycan bəyinin nökəri olub. Sarkisyanın daxilində məsuliyyət yoxdur ki, erməni xalqını düşünsün".
Politoloq əlavə edib ki, Sankt-Peterburdan sonra Sarkisyan Dağlıq Qarabağa, sonra Lələtəpəyə gəldi və düşündü ki, təxribat törədib Lələtəpəni geri alsın. O deyib ki, hazırda Azərbaycanın apardığı siyasət elədir ki, tək Rusiyanın deyil, ATƏT-in də mövqeyi dəyişib: "Tək dəyişməyən İranın mövqeyidir. Almaniyanın XİN rəhbəri Ştaynmayer Bakıda dedi ki, çalışacam ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünü təşkil edim. Biz bunu çoxdan istəyirdik. Bu bəyanat Sarkisyanın ölməsi deməkdir".
Politoloq əlavə edib ki, Dağlıq Qarabağ ermənisi ilə azərbaycanlısının görüşü beynəlxalq ictimaiyyətə sübut edəcək ki, Ermənistanın tarixi mifdir, yalandır.
"Bu il ilk dəfədir ki, Azərbaycanda Qüds günü qeyd edilmədi",- deyən ekspert qeyd edib ki, İran Azərbaycandan islam dinini apardı: "Bunun arxasınca İran özü də Azərbaycandan gedəcək. İranın Azərbaycanla əlaqəli siyasətində səhvi oldu ki, bizim xalqı tanımadan kampaniyalar apardı və uduzdu".
Politoloq qeyd edib ki, Azərbaycanda İranın tərəfdarları gizli mitinq təşkil etməyə çalışanlar, bəlli partiyalardır: "İranın Azərbaycanda din xadimi var ki, moizələrinə adamlar yığışır. İran bir növ təzə islam yaradıb. Buna görə cavanlar İrandan qaçır, namaz qılmır. İran burada ABŞ-ı, İsraili günahkar bilir. İrana demək istəyirəm ki, sənin ayətullahın Quranın ayəsini sağdan sola, soldan sağa cızır. Sənsə düşünürsən ki, cavanları qaçıran ABŞ-dır".
Politoloq deyib ki, İran prezidentiAzərbaycana səfəri zamanı diplomtik dillə izah etdi ki, Qarabağ məsələsində Azərbaycanın yanındadır: "Lakin İran belə başa düşür ki, 4 günlük müharibədə Ermənistan uduzmayıb, İran uduzub. İran aprelin əvvəlində Azərbaycana çağırış etdi ki, müharibəni dayandır. Qarabağdakı müharibə zamanı Ermənistanın İrana atdığı raket İranın öz tərəfindən hazırlanmışdı. İran istəyirdi ki, bunu Azərbaycanın ayağına yazsın. Lakin İran hərbçiləri bilmədən sənədə həqiqəti yazdılar. Sərhədçilər sənədi bir az gec tətbiq etsəydi, İran bizi ittiham edəcəkdi".
Politoloq əlavə edib ki, Azərbaycanda Qüds gününün qeyd edilməməsinin ilk növbədə günahı İrandadır: "Azərbaycanda İranın 5 nümayəndəliyi var. İranın ən çox düşmən münasibəti bəslədiyi dövlət Azərbaycandır. Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, davam edir. İran rəsmiləri bu 30 ildə bir dənə olsun sənəd qoysunlar ortaya. Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan Tehranda olanda İran parlamentinin spikeri Əli Laricani deyib ki, İran xalqların öz müqəddəratını təyin etmə prinspini dəstəkləyir. Bundan əvvəl İranın Ermənistandakı səfiri Seyid Əli Saciyan da belə deyirdi. İranın bütün davranışlarından da bu görünür".
Politoloq deyib ki, bizim xalqımız o xalqdır ki, Sovet dövründə elmi inkişaf etdi, amma dinini qoruyub saxladı: "Amma ABŞ gözünü ağardan kimi İranda hər kəs dindən qaçır. Ermənistanın qarşısında abrını atan İran kimi dövlət güclü ola bilməz. Azərbaycan xalqı belə dövlətdən qorxmur. Azərbaycanda heç bir dövlət İran kimi islam dininə zərər vurmayıb. Biz görürük ki, İranın rəsmiləri ermənilər qarşısında necə diz çökür. Onlar Məşhəddə elə diz çökməyib. Ermənistan İrana nə edirsə, düz edir".