“Monteneqro etibarlı tərəfdaşdır” Siyasət

“Monteneqro etibarlı tərəfdaşdır”

Elmar Məmmədyarov: "Dünya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləyir"

"Monteneqro Azərbaycan üçün yaxşı və etibarlı tərəfdaşdır". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanla Monteneqro arasında münasibətlər bütün sahələrdə inkişaf edir: "Bu, mükəmməl deyil. Amma ümid edirəm ki, münasibətlərimiz günbəgün daha da inkişaf edəcək. Biz bunun üçün nə edə biləcəyimiz barədə fikir mübadiləsi apardıq. İnvestisiyalar artır. Tək otel və turizmlə bağlı deyil, baxılma mərhələsində olan infrastruktur, yol tikintisi layihələrimiz var. Biz bunlara hazırıq, çünki bilirik ki, Monteneqro yaxşı və etibarlı tərəfdaşdır".
Xatırladaq ki, bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçi qəbul edib. Görüşdə Azərbaycanla ATƏT arasında münasibətlərin inkişafı və parlament diplomatiyasının önəmi müzakirə olunub. Nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işləri qonağın diqqətinə çatdırıb. Münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinin və beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı prinsipial mövqeyinin ortaya qoymasının vacibliyi vurğulanıb.
Ranko Krivokapiç Elmar Məmmədyarovla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib ki, ATƏT həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. O bildirib ki, ATƏT münaqişənin bütün prinsiplər o cümlədən BMT-nin bütün qətnamələri çərçivəsində həllinə tərəfdardır: "Amma biz münaqişənin sülh yolu ilə həllinin yeni mərhələyə qədəm qoyması və yekun həlli yollarını axtarmalıyıq. Bu ATƏT PA-nın və ümumilikdə ATƏT ailəsinin vəzifəsidir".
R. Krivokapiçin sözlərinə görə, münaqişənin həlli ilə bağlı proses daha aktiv ola bilər: "ATƏT PA Minsk qrupu ilə birgə çalışır ki, hər dəfə bu məsələni öz gündəliyinə daxil etsin, prosesə yenidən start verilməsi üçün əlavə təşəbbüslər irəli sürsün. Çünki proses həqiqətən də bir qədər dondurulub".
Elmar Məmmədyarov isə jurnalistlərə təmas xəttində yaranmış gərginliyin həmişə müzakirə olunduğunu deyib: "Təmas xəttində gərginlik yaranması həmişə müzakirə olunur. Bu məsələlər hər dəfə ilk növbədə qaldırılır".
Nazir bildirib ki, Azərbaycanın mövqeyi birmənalıdır: "Dünya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləyir. Biz Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsinin tərəfdarıyıq. Gərək siyasi-diplomatik baxımından təşəbbüs göstərək ki, bu məsələ yerindən tərpənsin. İnanıram ki, bu yaxınlarda bu məsələdə hansısa şəkildə irəliləyiş olacaq".