“Ermənistan regional siyasətdən təcrid olunacaq” Siyasət

“Ermənistan regional siyasətdən təcrid olunacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidentiVladimir Putinlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradılacaq.
Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə məsələnin müzakirə olunduğunu bildirib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıq formatının qurulmasının əhəmiyyətindən danışarkən deyib ki, üçlü əməkdaşlıq formatı əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addımdır: "Bu da həyata keçərsə, Azərbaycan, Ermənistan və Türkiyə bölgədə bütün əlaqələrin daha rahatlıqla həyata keçməsinə təsir edə biləcək. Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra yaxın zamanda inkişafın olacağına ümid edirik, bölgədə görüləcək çox işlər var. Dağlıq Qarabağ münaqişəsinin həllindən, Türkiyə ilə əlaqələrin normallaşmasından ən çox Ermənistan yararlanacaq".
Siyasi ekspert Arzu Nağıyev deyib ki, istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan belə bir əməkdaşlıq formatının qurulması müsbətdir: "Son vaxtlar belə əməkdaşlıq formatlarında Azərbaycanın adının çəkilməsi müsbət haldır. Artıq Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə üçlü əməkdaşlıq formatı var. Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının olması gələckdə bir sıra məsələlərin həllində müsbət rol oynaya bilər.
Siyasi baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılan zaman Ermənistan regional siyasətdən təcrid olunacaq. Çünki, bütün formatlarda Azərbaycan və Türkiyə olduğundan Ermənistan bura daxil ola bilməz. İqtisadi məsələrdə belə bir formatın olması Xəzər dənizinin statusunun həllində də müsbət rol oynaya bilər. Çünki, Türkiyə Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə ötürülməsində maraqlıdır. Ona görə də bu istiqamətində müvafiq layihələr ola bilər".
Formatın reallaşması məsələsinə gəlincə Arzu Nağıyev bildirib ki, ümumi maraqlar olduğundan bu format formalaşa bilər: "Söhbət dostluqdan, qardaşlıqdan getmir. Bu formatın əmələ gəlməsidə ümumi maraqlar var. Hesab edirəm ki, ümumi maraqlar olduğundan bu format tezliklə formalaşacaq".