“Güləndən də vəsait almamış deyillər” Siyasət

“Güləndən də vəsait almamış deyillər”

Siyavuş Novruzov: "Azərbaycan hakimiyyətində olan bu kimi insanlar arasında yoldan çıxarılanlar ola bilər"

Bu gün dünyanın bəzi dövlətlərini güclü, müasir müsəlman dövlətlərinin inkişafı narahat edir. Ona görə də daxili qüvvələrdən istifadə edərək həmin İslam ölkələrini zəiflətmək istəyirlər. 15 iyul hadisəsi də buna xidmət edirdi.
Millət vəkili Siyavuş Novruzov Trend-ə açıqlamasında belə deyib. Onun fikrincə, Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlaşmasını görənlər 15 iyul hadisələrindən sonra iki ölkə münasibətlərinə kölgə salmağa çalışırlar: "Türkiyədə 15 iyul hadisəsi terrora və dövlət çevrilişinə cəhd idi. Təbii ki, həmin qüvvələr Fətullah Gülən hərəkatından istifadə etməyə çalışan qüvvələr idi. Azərbaycana gəlincə, ölkəmizdə müəyyən qüvvələr var ki, neçə illərdir, Gülən hərəkatına qulluq edirdilər. Müəyyən dövrdə gözləyirdilər ki, onlara göstəriş veriləndə hərəkətə keçsinlər. Ancaq bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir, cənab Prezident tərəfindən güclü idarə olunur, xalq-iqtidar birliyi var və istənilən bu xəyala, fikrə düşmək istəyənlərin qarşısını almağa qadirdir.
Təəssüf ki, Azərbaycanda pulla, şirnikdirmək yolu ilə ölkəmizin maraqlarını satan qüvvələr var. Müxtəlif partiyalar, QHT-lər var, hətta dolayısı ilə erməni lobbisindən pul alaraq Azərbaycanın ictimai-siyasi sabitliyini pozmaq, ölkənin dövlət quruluşunun dəyişdirilməsinə cəhd etmək istəyən, arzusunda olan qüvvələr var. Bu kimi insanlar Güləndən də vəsait almamış deyillər. AXCP-də də belə insanlar var. Onlar bütün qüvvələrə işləyirlər. Azərbaycanın əleyhinə olan şeytanla da əlbir olmağa hazırdırlar. Xatırlayırsınızsa, aprel hadisələrində bütün erməni mətbuatı Əli Kərimlinin çıxışları, köşə yazılarını verirdilər. Onlar xalqı bu çıxışlarla sakitləşdirirdilər. Erməni lobbisi tərəfindən əmr gəldi, Əli Kərimlinin yazıları ilə Ermənistan cəmiyyəti sakitləşdirilirdi.
Azərbaycanda Gülənin institutları, orta məktəbləri fəaliyyət göstərib, o cümlədən Türkiyədə təhsil alanlar olub. Azərbaycan hakimiyyətində olan bu kimi insanlar arasında yoldan çıxarılanlar ola bilər. Dövlət cinayətinə qoşulan hər bir şəxs vəzifəsindən asılı olmayaraq cəzalandırılmalıdır".