“Dünyanın türk dünyasına qarşı olması ortadadır” Siyasət

“Dünyanın türk dünyasına qarşı olması ortadadır”

Mirmahmud Mirəlioğlu: "Hazırda aydınlaşma prosesi davam edir"

"Hazırda hamı tətildədir. Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində birgə fəaliyyət göstərdiyimiz partiyalarla son müzakirələr aparılmayıb. Tətildən sonra yəqin ki, müzakirələr aparılacaq və ortaya konkret mövqe qoyulacaq". Bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin fəaliyyəti haqda suala cavabında deyib. KXCP sədri son dövrlər müxalifətin bir araya gəlməsi haqda çağırışlara dair mövqeyini də açıqlayıb: "Əslində deyirlər ki, bir araya gəlmə haqda çağırışlar var. Şəxsən mən belə çağırışlarla rastlaşmamışam. Əgər bu çağırışlara rast gəlsəm, onun müəlliflərini tanısam, təbii ki, mövqeyimizi bildirərdik".
Mirmahmud Mirəlioğlu yaşadığımız regionda baş verən prosesləri də qiymətləndirib: "Regionda baş verənlər olmuşların məntiqi nəticəsidir. Baş verənlər həm də bundan sonra baş verəcək hadisələri proqnozlaşdırmaq və planlanlamaların əlamətləridir. Biz KXCP olaraq tətildə deyilik, belə bir şansımız da yoxdur və baş verənləri yaxından izləyirik. Türkiyəyə də proseslər gedir və indi durulma mərhələsindədir. Türkiyə cümhuriyyətinin, dövlətçiliyinin qorunub saxlanılması, bütövlükdə türk dünyasına sahib çıxmağa çalışan Türkiyənin dünya tərəfindən təklənməsi, dünyanın türk dünyasına qarşı olması ortadadır. Hazırda aydınlaşma prosesi davam edir". KXCP sədri hesab edir ki, son dövrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktuallaşan danışıqlar prosesinin nəticəsi olmalıdır: "İllərdir ki, bu görüşlər davam edir. Dünyanın hansı şəhərində keçirilməsindən asılı olmayaraq, hələlik ortada müsbət nəticə yoxdur. Müharibə ehtimalına gəldikdə deyim ki, bu məsələ daha çox Azərbaycandan asılıdır".