“Əvvəlcə Ermənistanın işğalçı siyasətinə qiymət versinlər” Siyasət

“Əvvəlcə Ermənistanın işğalçı siyasətinə qiymət versinlər”

Rövşən Rzayev: "Rəsmi İrəvanın özündə pozulan hüquqlardan danışsınlar"

"Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında müxtəlif məsələlər müzakirə olunur. İnsan haqları ilə bağlı məsələdə bu sıraya daxildir. Hətta AŞPA-da Hüquq və İnsan Haqları Komitəsi də mövcuddur. Orada bu cür məsələlərə mütəmadi olaraq baxılır". Bunu millət vəkili Rövşən Rzayev deyib. Onun sözlərinə görə, insan haqlarının Azərbaycan üzərinə yönəldilməsinin arxasında isə erməni və onlara dəstək verən qüvvələr dayanır: "Bu ilk dəfə deyil. Bu cür hallar həmişə təkrar olunur. Burada qeyri-adi bir şey yoxdur. Bütün məsələlər qaldırıldıqca hamısının arqumentli cavabları da verilir. Yaxşı olardı ki, insan haqlarının pozulması ilə bağlı məsələdə Avropada erməni siyasətini dəstəkləyənlər əvvəlcə Ermənistanın işğalçı siyasətinə qiymət versinlər. Onlar rəsmi İrəvanın özündə pozulan hüquqlardan danışsınlar. Azərbaycanda bu istiqamətdə problem yoxdur. Azərbaycan hüquqi, dünyəvi və demokratik bir dövlətdir və kursla da inkişaf edir".