“Ölkədə idarəçilik sistemi daim təkmilləşir” Siyasət

“Ölkədə idarəçilik sistemi daim təkmilləşir”

Siyavuş Novruzov: "Vitse-prezidentlik institutunun yaranması zərurəti idarəetmə sisteminin təkmilləşdirilməsindən qaynaqlanır"

Eldar İbrahimov: "Bu yeni təsisat dövlət idarəçiliyini pezidentin həyata keçirdiyi islahatlara sürətlə uyğunlaşdırmaq zərurətindən irəli gəlib"

"Ölkədə idarəçilik sistemi daim təkmilləşir. Cənab Prezidenti müxtəlif strukturlarla bağlı fərman və sərəncamlar verir. Bu, cəmiyyətdən gələn təklif və tələb əsasında olur. Bu yaxınlarda ərzaq təhlükəsizliyi, tikinti ilə əlaqədar agentlik yaradılması haqda qərar verildi. Vaxtilə Azərbaycanda bu cür strukturlar olmayıb, indi təzə-təzə yaradılır. Bütün bu proseslər tədricən ortaya çıxır". Bunu millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, vitse-prezidentlik institutunun yaranması zərurəti idarəetmə sisteminin təkmilləşdirilməsindən qaynaqlanır: "Bəziləri yazır monarxiya olacaq... Bu fikirlərin hamısı yanlış məlumatlardan törəyir və cəmiyyəti çaşdırmağa yönəlib. Seçkili sistem əsasında formalaşan dövlət quruluşunda monarxiyadan söhbət gedə bilməz. Çünki xalq gəlib seçimini edir, öz münasibətini bildirir. Monarxiya məsələsini ortaya atanlar ancaq şəxsi maraqlarını güdən və Azərbaycan dövlətinin əleyhinə olan insanlardır. Bu dəyişikliklər sırf dövlət aparatının təkmilləşməsinə hesablanıb. Burada 2 məsələ öz əksini tapmalıdır. Birincisi, xalq gəlib səs verib bu institutu yaratmalıdır. İkincisi, Konstitusiyanın yeni müddəasında birbaşa göstərilir ki, vitse-prezidentin təyinatı cənab Prezidentin səlahiyyətindədir. O, kimi məsləhət və layiq biləcəksə, kimə etimad göstərəcəksə, vitse-prezident də o adam olacaq. Mən ad çəkə bilmərəm, çünki bu mənim səlahiyyətimə aid deyil. Qəzetlərdə, saytlarda mən də oxuyuram, siyasətçilər müxtəlif adlar səsləndirirlər, ancaq bir daha deyirəm ki, bu, cənab Prezidentin səlahiyyətinə aiddir".
O əlavə edib ki, Nazirlər Kabinetinin statusu Konstitusiyada təsbit edilib: "Əgər belə struktur olmayacaqdısa, referenduma çıxarılıb o da ləğv olunmalı idi. Nazirlər Kabineti ilə bağlı hər hansı məsələ referenduma çıxarılmayıb. Əksinə, Nazirlər Kabinetinin gələcəkdə fəaliyyətinin təkmilləşdirilməsinə yönılmiş müvafiq maddələr var. Konstitusiyadan başı çıxmayanlar belə fikir yürüdürlər ki, vitse-prezidentlik institutu yaranırsa, Nazirlər Kabineti ləğv ediləcək.
Nazirlər Kabinetinin statusu tamam başqadır və bu qurum öz fəaliyyətini davam etdirəcək. Bu gün Azərbaycanda çox böyük işlər gedir, iqtisadiyyat və sosial sahə inkişaf edir. Ölkəmiz bir çox konfrans və mötəbər tədbirlərə ev sahibliyi edir. Azərbaycan nüfuzlu təbirlərə qatılır. Kifayət qədər səlahiyyətli nümayəndələr lazımdır ki, ölkəmizi layiqli şəkildə təmsil etsin.
Yəni ölçülüb-biçilib ki, belə struktur yaradılsın, həm ölkə daxilində idarəçilik təkmilləşdirilsin, həm də beynəlxalq səviyyədə Azərbaycanın təmsilçiliyi həyata keçirilsin".
O bildirib ki, ölkənin Milli Məclisi də, Prezidenti də seçilib: "Vaxtından əvvəl seçkilər isə qanunla müəyyənləşir. Belə hal yoxdur. Bu cür yanlış informasiyalar verilir ki, kimlərsə həvəslənsin, indidən seçkiyə, yaxud başqa strukturlara hazırlaşsın. Referendumun parlament və prezident seçkilərinə aidiyyatı yoxdur. Bir məsələ var ki, növbəti prezident seçkilərində prezidentlik müddəti 7 ildən ibarət olacaq və prezidentliyə namizədliyi irəli sürmək üçün yaş məhdudiyyəti aradan qaldırılacaq".

Millət vəkili Eldar İbrahimov isə vurğulayıb ki, sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır. 2009-cu ildə keçirilmiş referendumdan sonra keçən 7 il ərzində Azərbaycanda baş vetən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir. 1991-ci ildən indiyədək Azərbaycanda 6 dəfə prezident, 5 dəfə parlament, 4 dəfə bələdiyyə seçkisi keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış əsas qanunumuz – Konstitusiyamız 1995-ci il noyabr 12-ə təyin olunmuş referendumda qəbul edilib. Ötən dövrdə Konstitutsiyaya zəruri dəyişikliklərin edilməsi 2002, 2009-cu illərdə referendum yolu ilə baş verib. Bu il sentyabrın 26-na təyin edilmiş referenduma Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi təklif edilib. Böyük əminliklə qeyd etmək istəyirəm ki, Referendum Aktında nəzərdə tutulan bütün təkliflər Konstitusiyanın 12-ci maddəsinnin birinci hissəsinə tam uyğundur və onun həyata keçirilməsinə təminat verir. Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsində deyilir: "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".
Onun fikrincə, Konstitusiyaya təklif olunan bu dəyişikliyi dərindən təhlil etdikdə aydın olur ki, nəzərdə tutulan dəyişikliyin əsas mahiyyəti insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, dövlətin öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsinə zəmin yaratması ilə əlaqədardır: "Ona görə də mən Referendum aktında nəzərdə tutulan təkliflərin hamısını bütövlükdə dəstəkləyirəm və hesab edirəm ki, bu dəyişikliklər respublikamızın demokratik və hüquqi dövlət quruculuğu istiqamətində irəliyə atdığı ən uğurlu addımlardan biridir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin birinci hissəsində deyilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bu istiqamətdə ölkəmizdə qanunvericilik bazası daim təkmilləşir və respublikamızın sosial-iqtisadi inkişaf səviyyəsinə və beynəlxalq aləmdə tutduğu siyasi mövqeyə uyğun hüquqi tənzimləmə mexanizminin dəyişməsinə ehtiyac yaranır. Təklif edilən Referendum Aktı da bu ehtiyacı ödəmək üçündür. Bununla əlaqədar bəzi təkliflər barədə öz münasibətimi bildirmək istəyirəm.
Əvvəla çox məmnun olduğumu bildirirəm ki, 14 il bundan əvvəl -2003-cü ilin fevral ayının 1-də Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması haqqında Milli Məclisdə qaldırdığım məsələ təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Təklif olunan dəyişikliklər və əlavələrə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi və siyasi islahatların davamlılığını, qəbul olunmuş qərarların operativ və tam həcmdə icrasını təmin etmək üçün optimal idarəçilik mexanizmi kimi düşünülüb. Bu yeni təsisat dövlət idarəçiliyini pezidentin həyata keçirdiyi islahatlara sütətlə uyğunlaşdırmaq zərurətindən irəli gəlib. Dəyişikliklərin mühüm hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır.
Konstitusiyada müxtəlif vəzifələrə seçilmək hüququnun məhdudlaşdırılmasına dair hazırda mövcud olan yaş senzinin aradan qaldırılması haqqında referendum aktında nəzərdə tutulan dəyişiklikləri də çox dəyərli və lazımlı təkliflər hesab edirəm. Bu onunla əlaqədardır ki, hazırkı Azərbaycan gəncləri öz intellekt səviyyəsinə, dünyagörüşünə, idarəetmə qabiliyyətinə və digər xüsusiyyətlərinə görə 20-25 il bundan qabaqkı gənclərdən xeyli fərqlənir və üstünlüyü ilə seçilir. Nəzərdə tutulan bu dəyişiklik gənclərin sosial-iqtisadi sahədə olduğu kimi ictimai-siyasi sahədə də daha aktiv iştirakına şərait yaradacaq, demokratiyanın inkişafına təkan verməklə hər bir vətəndaşın öz hüquqlarından tam və geniş istifadə etməsinə imkan verəcəkdir. Yəni seçmək hüququ olan 18 yaşlı gənc həm də seçmək hüququ əldə edir".