“Ermənistanda baş verənlər münaqişəyə müsbət təsir etməyəcək” Siyasət

“Ermənistanda baş verənlər münaqişəyə müsbət təsir etməyəcək”

Arzu Nağıyev: "Karen Karapetyanın baş nazirlik postuna gətirilməsi Serj Sərksiyanın növbəti hədəfidir"

Zaur Məmmədov: "Aprel döyüşlərindən sonra Ermənistanın daxilində hökm sürən siyasi xaos göz qabağındadır"

Son zamanlar Ermənistanda vəziyyət daha kəskin xartalter alıb. Düşmən ölkədə baş verən siyasi gərginlik xaotik durum yaradıb. Bəzi ekspertlər bunu Azərbaycan üçün əlverişli hesab etsələr də, bəziləri isə bunun bizimn üşün o qədər də əhəmiyyətli olmadığını deyirlər.
Onu da qeyd edək ki, Ermənistanda Baş nazir Ovik Abramyanın istefasından sonra bu posta Karen Karapetyan gətirilib. Bundan başqa, Müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbər gedəcəyi, Xarici İşlər naziri Edvard Nalbəndyanın isə istefa verəcəyi gözlənilir. Yeni kabinetdə müxaliflərin təmsil olunacağı istisna olunmur.
Politoloq Arzu Nağıyev bildirib ki, Ermənistanda baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək. Onun sözlərinə görə, Karen Karapetyanın baş nazirlik postuna gətirilməsi Serj Sərksiyanın növbəti hədəfidir: "Yeni baş nazirin hər hansı bir layihəni təqdim etməsi inandırıcı görünmür. Sərkisyan da elə məhz buna görə hökumət dəyişikliyinə gedir. Xarici işlər nazirinin də istefası gözlənilir. Onun fikirlərini dəfələrlə dəyişməsi ondan xəbər verir ki, Edvard Nalbəndyan birbaşa Qarabağ klanı tərəfindən idarə olunur. Ermənistanın xarici siyasəti çoxdan fiaskoya uğrayıb. Düşünürəm ki, baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək. Çünki bunların hamısı seçkilərə qədər Sərkisyan hakimiyyətinin vaxtının uzadılmasına yönəlib. Gələn il Ermənistanda seçki ilidir və buna görə də Sərkisyan və onun komandası müxtəlif siyasi gedişlər edirlər. Ən başlıcası isə separatçılara müstəqillik sözü verən bu dəstə çox yaxşı bilir ki, bu, yerinə yetirilən bir məsələ deyil, ona görə də necə olursa-olsun, vaxtı uzadırlar".
Politoloq Zaur Məmmədov deyib ki, aprel döyüşlərindən sonra Ermənistanın daxilində hökm sürən siyasi xaos göz qabağındadır: "Tələblərin əsasını siyasi islahatlar çağırışları təşkil etsə də, vəziyyətin məhz bu aylarda alovlanmasının bir əsas səbəbi var. Bu da Azərbaycan ordusunun aprelin əvvəllərində erməni ictimaiyyətini qorxuya salmasıdır". Onun sözlərinə görə, erməni müxalifəti və bəzi hərbi dairələri vəziyyətdən məharətlə istifadə etdilər: "Nəticədə Sarksyan müxalifətin bütün tələblərini yerinə yetirdi. Beləliklə, seçki siyahılarının yenilənməsi, səslərin sayılmasının videoçəkilişi kimi müddəalar hakimiyyət tərəfindən təmin olundu. Yeni hökumətin formalaşması isə onu göstərir ki, biz ideyaların deyil, ayrı - ayrı fiqurların yerdəyişməsinin şahidiyik. Bu isə o deməkdir ki, erməni cəmiyyəti əslində bu güzəştlərdən heç nə əldə etməyəcək. Biz faktiki olaraq ayrı - ayrı siyasi qrupların öz məqsədlərinə çataraq ağızlarının yumulmasının şahidi olacayıq. Beləliklə Ermənistanda tüğyan edən iqtisadi səfalət bundan sonra daha da şiddətlənəcək".