“Vitse-prezidentlik institutu özünü təsdiq edib” Siyasət

“Vitse-prezidentlik institutu özünü təsdiq edib”

Azər Sarıyev: "Konstitusiya islahatları etibarlı bir dövlət sisteminin formalaşdırlmasına xidmət edir"

"Kampaniyaçılığı xoşlamadığımdan, həm də hazırki statusum referendumqabağı təşviqatda iştiraka imkan vermədiyindən son dəyişikliklərlə bağlı mövqeyimi bildirməmişdim". Tanınmış jurnalist Azər Sarıyev referendumun nəticələrinə münasibət bildirərkən bunları qeyd edib. O, facebook statusunda bildirib ki, son konstitusiya islahatları, xüsusən də vitse-prezidentlik institutunun təsis olunması əslində hər şeydən əvvəl dövlətimizin məkrli planlardan qorunmasına hesablanmış etibarlı bir dövlət sisteminin formalaşdırlmasına xidmət edir. Azər Sarıyevin sözlərinə görə, yəni Azərbaycanda çevriliş həyata keçirmək, xaos yaratmaq kimi məkrli plan reallaşdırmaq istəyən hər hansı bir xarici güc artıq təkcə güclü bir dövlət başçısı ilə deyil, həm də dayanıqlı, mübarizə aparılması zor olan bir dövlət idarəçiliyi sistemi ilə üz-üzə qalacaq: "Sistemli dövlətlərlə mübarizə aparmaq daha çətin olur. Məsələn, rəqibləri üçün Rusiyanı yenmək nisbətən asandır. O mənada ki, bu dövlətin idarəçiliyi xarizmatik lider - güclü şəxsiyyət üzərində qurulub. Dövlətin öz-özünə nəzarət mexanizmi yoxdur. Liderin hakimiyyətdən hər hansı bir formada getməsi, uzaqlaşdırılması dövləti rəqibi qarşısında təhlükəli vəziyyətdə qoyur. Çin yaxud İran kimi idarəçiliyi etibarlı sistem üzərində dayanmış dövlətləri isə çökdürmək çox çətindir. Çünki burada rəqib, yaxud düşmən özünənəzarət mexanizminin işlədiyi dövlət sistemi ilə üz-üzədir. Bizdə formalaşacaq vitse-prezidentlik institutu da dövlətin qorunması baxımından etibarlı sistemin yaradılması deməkdir. Başqa ölkələrdən fərqli olaraq bir neçə vitse-prezidentin olması təhlükəsizliyin təmin olunmasını tam qarantiyaya alır. Vitse-prezidentlərə yuxarıdan əlavə, həm də öz aralarında, bir-birləri tərəfindən nəzarət həyata keçirilir. Həm də nəzərə alaq ki, sözügedən institut özünü təsdiq edib, doğruldub. Bu mənada hesab edirəm ki, yeni institutun tətbiqi ilə dövlətimiz xarici təhlükədən sığortalanmış olacaq. Xüsusən də idarə olunan xaosun dəbdə olduğu dövrdə. Yeni dövr dövlətimizə və millətimizə xeyirli- uğurlu olsun".