“Ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar ötən ildən başlayaraq yeni mərhələyə qədəm qoyub” Siyasət

“Ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar ötən ildən başlayaraq yeni mərhələyə qədəm qoyub”

Zahid Oruc: "Konstitusiya islahatlarından sonra bu proses daha da sürətlənəcək"

"Ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar ötən ildən başlayaraq yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub". Bu fikirləri millət vəkili Zahid Oruc səsləndirib. O hesab edir ki, Azərbaycanda həyata keçirilən institusional islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir: "...Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Təbii ki, Konstitusiya islahatlarından sonra bu proses daha da sürətlənəcək".
Millət vəkili deyib ki, referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiyini təsdiqlədi. Millət vəkilinin sözlərinə görə, ölkəmizdə yeni iqtisadi şəraitdə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib: "Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Yeni iqtisadi şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir. Bundan başqa, vergi bazasının genişləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına hesablanan islahatlar da böyük önəm daşıyır...Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır. Bütövlükdə, islahatların paralel şəkildə aparılması iqtisadi-siyasi inkişafın təməlini təşkil edir. Son illərdə qlobal miqyasda müşahidə edilən kataklizmlərin fonunda sosial məsələlər xüsusi aktuallıq kəsb etməyə başlayıb. Hazırda bütün dünya miqyasında meydana çıxan yeni çağırışlardan biri ondan ibarətdir ki, yaranmış vəziyyətdə milli dövlətlər öz siyasətlərində insanların gündəlik həyatı ilə bağlı məsələlərin həllinə, onların məşğulluğunun təmin edilməsinə, gəlirlərinin artırılmasına daha artıq dərəcədə diqqət yetirməli və daha təsirli tədbirlər görməlidirlər. Bu baxımdan Azərbaycanda həyata keçirilən genişmiqyaslı tədbirlər diqqətəlayiqdir. O cümlədən islahatların sosial sferanı da əhatə etməsi Azərbaycan dövlətinin yeni iqtisadi şəraitdə də özünün sosial siyasətinə sadiq qaldığını təsdiqləyir".