“Dünya hazırda çox gərgin dövrünü yaşayır” Siyasət

“Dünya hazırda çox gərgin dövrünü yaşayır”

Qabil Hüseynli: "ABŞ və Rusiya arasında kəskin münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər"

Dünya hazırda çox gərgin dövrünü yaşayır. ABŞ və Rusiya arasında kəskin, barışmaz xarakter alan münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər. Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Rusiya-ABŞ rəqabətinin xüsusilə Suriyada pik həddə çatdığını deyən politoloq iki ölkə münasibətlərinin tam qarşıdurma səviyyəsində olduğunu bildirib: "Rusiya Amerikanın hegemonluq siyasətinə qarşı dayandığını bildirsə də, əslində, vəziyyət heç də göründüyü kimi deyil. ABŞ Rusiyaya qarşı fövqəladə tədbirlərini davam etdirir: bunlar sanksiyalar və Suriyada hərbi əməliyyatlar şəklində ola bilər. Hərbi əməliyyatların Amerika qoşunları tərəfindən həyata keçirilməsi mütləq deyil, bunu Vaşinqtonun bölgədəki tərəfdarları da yerinə yetirə bilər. ASO və kürd peşmərgələrinin istənilən zaman Rusiyanın bazasına terror hücumları Rusiyanın Suriyadan vurulub çıxarılmasına, ən son nəticədə isə Amerikanın Bəşər Əsədlə haqq-hesabı çürütməsinə gətirib çıxara bilər. Moskva isə Əsədə toxunulacağı təqdirdə bunun dünya müharibəsinə səbəb olacağını bildirir. Tərəflər hədsiz təhdidedici bəyanatlardan çəkinmirlər. Görünən odur ki, Səudiyyə da daxil olmaqla, ərəb ölkələrinin əksəriyyəti, eləcə də bir sıra Avropa ölkələri Rusiya və İranın Suriyadan çıxarılması istiqamətində müəyyən addımların atılmasını həm BMT, həm də konkret hərbi hərəkətlər səviyyəsində həyata keçirmək niyyətindədirlər".
Vəziyyətin olduqca gərgin olduğunu söyləyən politoloq qeyd edib ki, yaxın zamanlarda Rusiyaya qarşı sanksiyaların yeni dalğasının şahidi ola bilərik:
"Üstəlik, Suriyada rus qoşunlarına müxtəlif hücumlar da istisna deyil. Düzdür, ruslar ASO-nu dənizdən ballistik raketlərlə vuracaqları ilə təhdid edirlər. Ancaq hər halda vəziyyət Kremlin düşündüyü qədər sadə deyil. Proseslər Rusiya və İranın əleyhinə işləyir. Çünki Səudiyyə də Suriyada nəinki fəaliyyətini artırır, Ər Riyadı təmsil edən müsəlman ittifaqını da gücləndirir. Dünya hazırda çox gərgin dövrünü yaşayır. ABŞ və Rusiya arasında kəskin, barışmaz xarakter alan münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər. III Dünya savaşı heç bir dövlət üçün arzulanan deyil".