Azərbaycanla Özbəkistan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib Siyasət

Azərbaycanla Özbəkistan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib

Özbəkistanda rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri, general-polkovnik Kabul Berdiyevlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z. Həsənov əvvəlcə İslam Kərimovun vəfatı ilə bağlı başsağlığı verib.
Azərbaycan-Özbəkistan əməkdaşlığının möhkəm dostluq üzərində qurulduğunu və bu əlaqələrin daim genişləndiyini qeyd edən nazir ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z. Həsənov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunmalıdır. Münaqişə ilə bağlı mövcud status-kvo isə qəbuledilməzdir.
Nazir K. Berdiyev də öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi təmələ və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanın və Azərbaycanın vacib tərəfdaşlar olduqlarını vurğulayıb. Özbəkistan naziri ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.
Görüşdə Azərbaycanla Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Rəsmi səfər çərçivəsində Müdafiə Nazirliyinin nümayəndə heyəti Özbəkistan Silahlı Qüvvələrinin Akademiyası və Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini də ziyarət edib.