“Prezident bir daha qeyd etdi ki, ölkəmizdə iqtisadi islahatlar aparılmalıdır” Siyasət

“Prezident bir daha qeyd etdi ki, ölkəmizdə iqtisadi islahatlar aparılmalıdır”

Çingiz Qənizadə: "Kənd təsərrüfatı və digər sahələrə üstünlük verilməlidir"

Musa Qasımlı: "Ölkəmizdə atılan bütün addımlar vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına hesablanır"

Asim Mollazadə: "Azərbaycan həyata keçirdiyi strateji layihələrin gücü durmadan yüksəlir"

Tahir Rzayev: "Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün rəhbər işçilərin də məsuliyyəti artırılmalıdır"

"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı əhatəli və dərin məzmunlu nitqində ölkəmizin həm daxili, həm də xarici siyasətinə dair prinsipial məsələlər öz əksini tapmışdı". Bunu millət vəkili Musa Qasımlı deyib. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının iclasda səsləndirdiyi proqram xarakterli fikirlər öyrənilməli, qarşıya qoyulan vəzifələr yerinə yetirilməlidir. Ölkəmizin son 9 aydakı inkişaf göstəricilərinin bir sıra ölkələr üçün nümunə olduğunu dilə gətirən M. Qasımlı vurğulayıb ki, bu müddət ərzində ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində mühüm layihələr həyata keçirilib: "Dünyada baş verən mürəkkəb proseslərin fonunda ölkəmizdə sosial layihələrin - məktəb, bağça, xəstəxana və digərlərinin tikintisinin davam etdirilməsi dövlətimizin sosial yönümlü siyasət yürütdüyünü göstərir. Ölkəmizdə atılan bütün addımlar vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına hesablanır. Ölkə başçısının söylədiyi nitqində də qeyd olundu ki, 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaq".
Millət vəkili Asim Mollazadə bildirib ki, ümumiyyətlə Azərbaycan beynəlxalq təşkilatlarda beynəlxalq ictimai rəyi bölgədə baş verən hadisə ilə bağlı yetərincə məlumatlandıra bilir. Deputatın sözlərinə görə, artıq dünyada anlmağa başlayıblar ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazisini işğal edib: "Bununla yanaşı Azərbaycanın həyata keçirdiyi strateji layihələr də dünyanın diqqətini cəlb edir və ölkəmizə dəstəyi artırıb. Bu mənada hesab edirəm ki, Azərbaycanın dünyada nüfuzu getdikcə artır və Azərbaycan həyata keçirdiyi strateji layihələrin gücü durmadan yüksəlir".
Millət vəkili Çingiz Qənizadə deyib ki, ölkə başçısının dövlətimizin inkişafı ilə bağlı mövqeyi məlumdur: "Ötən həftə keçirilən Nazirlər Kabinetinin iclasında nitq söyləyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, ölkəmizdə iqtisadi islahatlar aparılmalı, bu sahə daha da inkişaf etməli, neft sektorundan olan asılılıq aradan götürülərək kənd təsərrüfatı və digər sahələrə üstünlük verilməlidir". Ölkə başçısının iclas zamanı digər mühüm məqamlara toxunduğunu deyən millət vəkili söyləyib ki, Azərbaycan Prezidenti bütün çıxışlarında olduğu kimi budəfəki nitqində də hər kəsin yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoydu: "Ölkə başçısı Dağlıq Qarabağ problemi ilə bağlı bütün məsələlərdə dövlətin maraqlarından çıxış edir. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bir daha mövqeyini ortaya qoyaraq bildirdi ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın ermənilər tərəfindən işğal olunması beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Əks halda torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın iradəsi ilə və digər yollarla da həll oluna bilər. Ölkə başçısı dövlətimizin maraqlarını üstün tutaraq, çıxışında qəti fikrini bildirərək qeyd etdi ki, münaqişənin həlli ilə əlaqədar heç bir güzəştli addımlar atılmayacaq".
"Prezident İlham Əliyev iclasdakı çıxışı ilə məmurlarla yanaşı, Azərbaycan xalqına da mesaj vermiş oldu. Belə ki, ölkə başçısı bildirdi ki, ölkədə işləmək imkanı olan hər bir kəs açılacaq yeni sənaye parklarında, kənd təsərrüfatı istehsal sahələrində çalışmalı, öz ailəsini saxlamaq üçün onlara təqdim olunan imtiyaz və güzəştlərdən istifadə etməlidir. Ölkədə bolluq yaradılmalı, xaricdən ixrac edilən bir çox məhsulların qarşısı alınmalı, heç bir torpaq istifadəsiz qalmamalıdır. Uzun müddət işləməyən, tənbəlləşən, dövlət tərəfindən təqdim olunan müəyyən yardımlarla gününü keçirən ailələr və insanlar artıq ələbaxımlıqdan əl çəkərək zəhmətə qatlaşmalı, onlara ayrılan torpaqlarda becərməli və dövlətin yaratdığı sənaye və digər müəssisələrdə çalışmalıdır. Bu, bütün dünyada belədir. Prezidentin nitqi gələcəyə hesablanan proqram, plan və addım kimi qiymətləndirilməlidir. Düşünürəm ki, hər kəs bundan nəticə çıxarmalı, hamı dövlətimizin, xalqımızın rifahı naminə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir" –deyə, Ç. Qənizadə əlavə edib.
Deputat Tahir Rzayev deyib ki, Prezident İlham Əliyevin apardığı siyasi, iqtisadi, beynəlxalq kurs ən doğru yoldur və onun müvəffəqiyyətlə yerinə yetirilməsi hər bir məmurdan, vətəndaşdan da asılıdır. Onun sözlərinə görə, ölkənin hər bir vətəndaşı bu kursu düzgün başa düşməlidir və onun həyata keçirilməsi istiqamətində hər kəs əlindən gələni etməlidir: "Prezidentin bütün çıxışlarında ölkənin təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, işsizliyin aradan qaldırılması, insanların sosial rifahının yaxşılaşdırılması önə çəkilir. Prezident İlham Əliyevin "Ölkənin müdafiə gücünün artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin ən birinci vəzifəsidir. Biz hec vaxt imkan verməyəcəyik ki, Azərbaycan ərazisində ikinci bir dövlət yaradılsın" fikri alqışa layiqdir. Hazırda əsas götürülən iqtisadi, siyasi, beynəlxalq kurs müvəffəqiyyətlə yerinə yetirilir və Prezident İlham Əliyev tərəfindən bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək".
Prezident İlham Əliyevin dövlətin idarəetmə strukturunun təkmilləşdirilməsinə xüsusi önəm verdiyini deyən T.Rzayev qeyd edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün rəhbər işçilərin də məsuliyyəti artırılmalıdır: "Prezident İlham Əliyev bunu öz çıxışlarında qeyd edir. Hər bir rəhbər işçi də bunu başa düşərək ölkənin inkişafı naminə işlər görməyə çalışmalıdır".
Deputat Bəxtiyar Əliyev bildirib ki, bu gün dünyada siyasi və iqtisadi böhrannın dərinləşdiyi bir vaxtda Azərbaycanda sabitlik möhkəmlənir, müxtəlif sahələrdə inkişaf davam edir. B.Əliyev qeyd edib ki, bu sabitlik və inkişaf Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, xalqın mənafeyinin qorunmasına yönəlmiş siyasətinin nəticəsidir: "Azərbaycan müstəqillik qazandıqdan sonra həmişə öz yolu ilə gedib, müstəqil siyasət yürüdüb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda inkişaf və sabitlik mövcuddur".
Deputat vurğulayıb ki, Azərbaycan beynəlxalq əlaqələrini və nüfuzunu da gücləndirib, artıq dünya üçün mühüm beynəlxalq konfransların, forumların keçirildiyi bir məkana çevrilib: "Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, mədəniyyətlərarası dialoq forumlarına, humanitar forumlara və digər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, dünya üçün əhəmiyyətli iri layihələrın təşəbbüskarı və əsas iştirakçısıdır. Bütün bunlar Azərbaycanın etibarlı beynəlxalq tərəfdaşa çevrilməsinin bariz nümunəsidir". B.Əliyev əlavə edib ki, bu gün Avropa miqrasiya böhranı qarşısında aciz qaldığı bir halda, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış böyük qaçqın və məcburi köçkün problemini təkbaşına həll edib: "Ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemləri uğurla həll olunur, onların sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra olunur. Bu uğurlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil, milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Xalq Prezidenti dəstəkləyir və ona güvənir".


Əli