İrəvan yalnız bu yolla özünü xilas edə bilər Siyasət

İrəvan yalnız bu yolla özünü xilas edə bilər

Oktyabrın 14-ə Kollektiv Təhlükəsizlik Müqaviləsi iclasına qatılmaq üçün İrəvana gələn Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Qarabağ konfliktinin həllində pozitiv rol oynaya biləcəyini bildirib. Rusiyalı nazir qeyd edib ki, Qarabağ konfliktinin həllində inkişaf Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında da mühüm rol oynayacaq. Bəs politoloqlar bu barədə nə düşünürlər?

Politoloq, millət vəkili Rasim Musabəyov deyib ki, Qarabağ konfliktinin həllində irəliləyiş olmadan Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq.

Deputat hesab edir ki, Türkiyəni Dağlıq Qarabağ konfliktinin həlli yolundan uzaqlaşdırmağın mümkün olduğunu dilə gətirənlər tam yanılır:"Lavrov da məhz bunu dilə gətirdi ki, Türkiyənin Dağlıq Qarabağ prosesinə təsiri mümkündür və vacibdir. Rusiya xarici işlər nazirinin əsas istəyi odur ki, Azərbaycana baxmayaraq, Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırsın. Bu qəbulolunmazdır və düşünmürəm ki, Türkiyəni bu istiqamətə çəkmək mümkün olsun. Qarabağ konfliktinin həllində irəliləyiş olmadan Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Bu, dəfələrlə bəyan edilib. Yalnız problem həllini tapdığı halda Ermənistan təkcə Azərbaycanla yox, Türkiyə ilə də münasibətləri yaxınlaşdırıb özünütədric vəziyyətindən xilas ola bilər".

Politoloq İlqar Vəlizadə isə deyib ki, Lavrov hazırkı məqamda yaranan vəziyyətə ermənilərin diqqətini cəlb etdi.

Ekspert bildirib ki, Lavrovun Qarabağ açıqlaması əslində Ermənistan rəhbərliyinə bəzi reallıqlarla bağlı göstərilən yoldur:

"Düzdür, ermənilər bunu inkar edirlər və münaqişənin tənzimlənməsində Türkiyənin rolunu qeyri-mümkün sayırlar. Ancaq İrəvan bir şeyi unudur ki, əslində, Türkiyənin bu məsələdə qəti mövqeyi olmasaydı, onda Ermənistanın blokadası da mümkün olmazdı. Danışıqlar prosesində müsbət irəliləyişlər olarsa, onda Türkiyə Azərbaycanla yanaşı, deblokada proseslərinə qoşula bilər. Türkiyə açıq şəkildə Qarabağ münaqişəsində iştirak edir. Hər halda söhbət deblokada məsələlərində Türkiyənin iştirakından gedir. Belə bir məqamda isə Lavrov sanki yaranmış vəziyyətə ermənilərin diqqətini cəlb etdi. Türkiyənin mövqeyi bəllidir: Ankara birmənalı olaraq bildirir ki, münaqişə Azərbaycanın mövqeyi nəzərə alınmaqla həll olunsa, Türkiyə hər cür dəstəyə hazırdır".

Politoloqun sözlərinə görə, rus-türk münasibətlərinin sıx inkişafı təkcə ikitərəfli əlaqələrə deyil, birbaşa regiondakı proseslərə də təsir göstərəcək.

"Rusiya çalışır ki, bu təsir Moskvanın xeyrinə olsun, eyni zamanda, türklərin də maraqlarını nəzərə alsın. Çünki ikinci olmadan müsbətə doğru heç bir irəliləyiş ola bilməz. Əslində, Rusiya Türkiyəni bu proseslərə dolayı yolla dəvət edir, ancaq o şərtlə ki, hər iki tərəfin mənfəəti olsun".