“Ermənistan Prezident İlham Əliyevin fikirini dəyərləndirməlidir” Siyasət

“Ermənistan Prezident İlham Əliyevin fikirini dəyərləndirməlidir”

Cümşüd Nuriyev: "Lakin Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsi qəbul edilməssə, bu, onların növbəti faciəsinin başlanğıcı ola bilər"

"Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin "Sputnik" agentliyinə müsahibəsində Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsi ilə bağlı səsləndirdiyi fikirləri dəyərləndirməlidir. Çünki, Azərbaycan bundan artıq güzəşt edə bilməz". Bunu politoloq Cümşüd Nuriyev deyib. Ölkə başçısının Ermənistana yüksək status təklif etdiyini dilə gətirən politoloq söyləyib ki, əks halda aprel hadisələri təkrarlana bilər: "Bildiyiniz kimi Dağlıq Qarabağın statusu 1991-ci ilin noyabrın 26-da ləğv olunub və bu günə qədər hər hansı bir statusu yoxdur. Bu baxımdan ermənilər bunu qəbul etsə daha yaxşı olar. Azərbaycan prezidenti eyni zamanda onların hüquqlarının Azərbaycan tərəfindən qorunması məsələsini də gündəmə gətirib. Ermənistana bundan artıq nə lazımdır?
Lakin Ermənistan bu təklifi qəbul etməsə, bu, onların növbəti faciəsinin başlanğıcı ola bilər. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxladığı üçün növbəti aprel hadisəsinin baş verməsi istisna edilmir. Növbəti aprel hadisələrinin təkrarı düşmən ölkənin çökdürəcək.
Bundan başqa ölkə başçısının da bəyan etdiyi kimi, dünya Dağlıq Qarabağın işğal altında saxlanmasının Ermənistanın və onu dəstəkləyən dövlətlərin planı olduğunu bilir. Lakin Azərbaycanın da son 10 ildə apardığı xarici siyasət kifayət qədər ağıllı və dərrakəlidir. Artıq Azərbaycan bir dövlət kimi öz xarici siyasətində 3 əsas funksiyanı işə salıb. Uzun illik dövlət təcrübəsi olan liderlər 25 illik dövlət təcrübəsi olan Azərbaycanın bu cür ağıllı addımlar atacağını gözləmirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirlərini çox ağıllı, uzaqgörən və həddən artıq düşünülmüş siyasət hesab edirəm. Bundan ağıllı variant düşünmək mümkün deyildi. İndiyədək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə hay-küy salan dünya dövlətləri eləcə də beynəlxalq təşkilatlar ölkə başçısının bu təklifini dəyərləndirməlidirlər. Bu, ümumi işin xeyrinə olmaqla yanaşı, həm dünyadakı daha bir münaqişə ocağının sönməsinə, eləcə də qan tökülmədən ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına səbəb olacaq. Ölkə başçısının təklifi problemin həllində ən real variantdır".
Politoloq əlavə edib ki, Dağlıq Qarabağa Muxtar Respublika statusunun verilməsi ilə Azərbaycan Konstitusiyası pozulmur: "Çünki Konstitusiyanın 139-cu maddəsində Naxçıvan Muxtar Respublikasına dövlət qurumu statusu verilib, eyni status Dağlıq Qarabağa da verilə bilər. Konstitusiyanın 1-ci maddəsində də göstərilib ki, Azərbaycan unitar dövlətdir və ölkəmizin federallaşması da gündəmə gəlmir".