“Vəzifəli şəxs qanunu pozursa vəzifəsindən azad edilməlidir” Siyasət

“Vəzifəli şəxs qanunu pozursa vəzifəsindən azad edilməlidir”

Qüdrət Həsənquliyev: "Əks halda vəzifəli şəxsin qanun pozuntularını davam etdirməsinə şərait yaratmış oluruq"


"Bakı şəhərində yaşıllıqların yaradılması və qorunmasının nə qədər çətin vəzifə olduğunu bilirik. Mən əvvəllər də bir neçə dəfə məsələ qaldırmışam. İndi də xüsusilə 2 məsələyə münasibət bidirlmək istəyirəm". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
BAXCP sədri qeyd edib ki, Bakı şəhərində oksigen çatışmazlığı var və bu məhz yaşıllıqların az olması il əlaqədardır: "Ona görə də yaşıllıqları öz sağlamlığımız, övladlarımız və gələcək nəsillər üçün qorumaq lazımdır. Amma İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə bağlı sanksiyaya nəzər salaq. Burada deylir: "Şəhərlərdə və digər yaşayış məntəqlərində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə, vəzifəli şəxslər 1000 manat miqdarında cərimə olunur. Hesab edirəm ki, bu kifayət qədər yüngül cəzadır. Yəni onsuz da vəzifəli şəxs növbəti yaşıllığın qırılmasına göz yumacaq və oradan aldığını cərimə kimi ödəyəcək. Ona görə də vəzifəli şəxs tərəfindən qulluq vəzifələri lazımınca yerinə yetirilmirsə həmin vəzifəli şəxs ilk növbədə tutduğu vəzifədən azad olunmalıdır. Axı cəzalar sistemində vəzifədən çıxarımaq cəza növü kimi nəzərədə tutulur. Belə olduğu halda niyə biz vəzifədən çıxarılmanı bura daxil etmirik? Cinayət Məcəlləsində sanksiyanı oxuyuram. Burada da qeyd olunur ki, 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olmadan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mən hesab edirəm ki, burada alternativlik çıxarılmalıdır. Yazılmalıdır ki, 3 ilədək müəyyən vəzifə tutmaq, müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə cəza verilməlidir. Biz alternativ sanksiya nəzərdə tutanda, sözsüz ki, məhkəmələtr də daha yüngül cəzanı tətbiq edir və həmin şəxs də vəzifəsində qalaraq qanunsuz fəaliyyətlərini davam etdirir. Bu fikirdəyım ki, gələcəkdə biz qanunverciliyə dəyişiklik edəndə mütləq bunu əsas götürməliyik. Vəzifəli şəxs qanunu pozursa birinci cəza onun vəzifəsindən azad edilməsi olmalıdır. Əks halda vəzifəli şəxsin qanun pozuntularını davam etdirməsinə şərait yaratmış oluruq".