“Rusiya ilə Ermənistan arasında narazılıq var” Siyasət

“Rusiya ilə Ermənistan arasında narazılıq var”

Mübariz Əhmədoğlu: "Rusiya Dağlıq Qarabağa gedən qazı kəsmək istəyir"

"70-80 % məsələlərdə Rusiya və Azərbaycan siyasəti üst-üstə düşür".
Bunu politoloq Mübariz Əhmədoğlu keçirdiyi Qarabağ saatında deyib. Rusiya və Ermənistan qoşunlarının qruplaşmasının yaradılmasından danışan ekspert bildirib ki, cəmiyyətimiz nəzərə almalıdır ki, Ermənistan Azərbaycanı Rusiya ilə qorxutmağa çalışıb: "İndi Ermənistan guya Azərbaycanla Rusiya arasındakı vəziyyətdə gərginlik olduğunu göstərə bilib". Politoloq deyib ki, hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır. M. Əhmədoğlunun fikrincə, bu qruplaşmanın yaranmasının mahiyyəti odur ki, Ermənistana hücum olarsa, birgə müdafiə ediləcək: "Digər məqsəd isə Ermənistanın quru sərhədlərini qorumaqdır. Belə ki, Ermənistanla İran arasında sərhəd keçid məntəqəsində rus əsgərləri dayanır. 2008-ci ildə Sakaaşvili hakimiyyətə gələndən sonra Rusiya Gürcüstan və Ermənistan sərhədlərini qorumaq istədi, Ermənistan icazə vermədi". Yəni burada məqsəd Ermənistanın 4 dövlətlə sərhədini qorumaqdır. Bu o deməkdir ki, Ermənistanın qərbpərəst mövqeyi sıfıra endi. Politoloq bildirib ki, bizim işğal altındakı sərhədləri rus qoşunları qoruyacaq: "Rusiya ilə Ermənistan arasında narazılıq var. Rusiya Dağlıq Qarabağa gedən qazı kəsmək istəyir. Ermənistan isə Rusiyaya deyir ki, qoşunlarım sənə təslim olsun, amma qaz kəsilməsin". Politoloq vurğulayıb ki, Rusiya Ermənistanla bağlı məsuliyyəti öz üzərinə götürür. Rusiya Azərbaycana deyəcək ki, qaz kranını bağlamaqla Ermənistanı çökdürdük: "Deyirlər ki, Rusiya Ermənistan qoşunları qruplaşmasının yaradılması Azərbaycanın ziyanınadır, lakin əsla belə deyil. Rusiya Qarabağ məsələsində Ermənistanı müdafiə edə bilməz. Beynəlxalq hüquq, regional siyasət buna imkan vermir. Putin güclü şəxsiyyətdir, amma Allahdan güclü deyil". Politoloq deyib ki, Azərbaycan böyük dövlətdir, MDB dövlətləri arasında Rusiya üçün Azərbaycan kimi orijinal mövqeyi olan dövlət yoxdur.
Mübariz Əhmədoğlu həmçinin əlavə edib ki, ermənilər düşünürsə ki, Dağlıq Qarabağın adını dəyişmək prosedurunu başa çatdıra biləcəklər, beynəlxalq birliyi aldada biləcəklər, bu belə olmayacaq. O qeyd edib ki, 57 dövlətdə Ermənistanın səfirliyi var. Amma bu səfirliklərin bir çoxunda 2-3 erməni diplomat var. Azərbaycanın isə 80 dövlətdə səfirliyi var, tam tərkibdə fəaliyyət göstərir. Politoloq vurğulayıb ki, ermənilər aprel döyüşlərində yaralanan əsgərləri xaricə göndərə bilmədilər, çünki səhiyyə sistemi normal deyil: "Ermənistanın müdafiə naziri Vigen Sarkisyan dedi ki, orduya ayrılan vəsaitlər artmayacaq". Politoloq bildirib ki, Ermənistan dramı ucuzlaşır və ölkədə çox ciddi sosial təlatüm yaşanır: "Ermənilər acından ölürlər, dünyada nüfuzları yoxdur. Amma elə bilirlər ki, dünya bunlardan ötrü ölür. Yaxın Şərqdə gəzmədikləri ölkə yoxdur. Onları bu ölkələrdə əllərində alət kimi istifadə edirlər". M. Əhmədoğlu qeyd edib ki, heç kim Azərbaycanın planının qarşısını ala bilməyəcək. Bu gün ermənilər sübut etdi ki, Qarabağ münaqişəsinin həlli üçün müharibədən başqa yolu yoxdur. Belə ki, XİN rəhbərinin müavini Şavarş Koçaryan dedi ki, status-kvoya alternativ yoxdur.
M. Əhmədoğlu hesab edir ki, ermənilər nə Qarabağda dövlət qura bilər, nə də onu Ermənistana birləşdirə bilər, bunun üçün gücləri yoxdur. Onlar yalnız Azərbaycan pislik etmək istəyir.