“Ermənistana məhəl qoymayacaqlar” Siyasət

“Ermənistana məhəl qoymayacaqlar”

Qara dəniz və Cənubi Qafqaz bundan sonra da NATO-nun cavabdehlik dairəsinə daxil olacaq.
Bu proqnozu ABŞ Milli Maraqlar Mərkəzinin icraçı direktoru Pol Sanders verib. Onun sözlərinə görə, NATO və ABŞ hər zaman Cənubi Qafqazda mövcudluğunu saxlayacaq:
"Əvvəllər bu regionda gərgin mübarizələr müşahidə edilirdi, indi isə Qərb çalışır ki, Rusiya ilə qarşıdurmaya getməsin və Şərqi Avropa ölkələrinin NATO-ya davamlı inteqrasiyasını təmin etsin. Hazırda ABŞ Şərqi Avropanın məsuliyyətini Avropa Birliyinin üzərinə atıb və kənarda qalaraq Rusiya planlarının bu regionlarda necə məhv olmasını gözləyir. Avropa Birliyi Şərqi Avropa ölkələrinin inteqrasiyası üçün effektiv mexanizm idi, amma Ermənistandakı hadisələr nümayiş etdirdi ki, ABŞ olmasa, Rusiya bu proseslərdə istənilən avantüra, təzyiq və şantaja hazırdır. Ermənistan hələ anlamır ki, hansı çətin situasiya düşüb. İrəvanı cəzalandırmayacaqlar, sadəcə, üstünlüyü digər region ölkələrinə verməklə Ermənistana məhəl qoymayacaqlar. Qərb ictimaiyyəti Ermənistanı Qarabağ probleminə böyük diqqət ayırmayaraq, qoruyurdu. İndi isə Rusiyaya qarşı təzyiq siyasəti artacaq və Qarabağ məsələsi də ona qarşı istifadə edilən rıçaqlardan biri olacaq. Buna görə Ermənistan əziyyət çəkəcək".