Politoloqlar əmindir Siyasət

Politoloqlar əmindir

"Türkiyədəki terrorlarda erməni izi var"

Türkiyədə törədilən terror aktlarının sayı durmadan artır. 2017-ci ilin ilk həftəsində Türkiyədə 2 terror aktı törədilib. Qanlı olayların davam edəcəyi istisna edilmir.
Türkiyəni kimlər qan gölünə çevirmək istəyir?
Politoloq Cümşüd Nuriyev bildirib ki, terror aktları Türkiyəni cəzalandırmaq məqsədilə həyata keçirilir. Onun sözlərinə görə, Türkiyədək terror aktlarında ermənilərin rolu var.
"Türkiyənin əvvəlki mövqeyi ilə indiki arasında 180 dərəcə fərq var. Xüsusilə, Rusiya-Türkiyə münasibətləri kifayət qədər yaxşılaşıb. Ona görə də bu yaxınlaşmadan narahat olan qüvələr həm Türkiyəni, həm də prezident Rəcəb Tayyib Ərdoğanı cəzalandırmaq istəyirlər. Bunlar Türkiyəni, ümumilikdə isə müsəlman dünyasını sevməyən qüvvələr, Səudiyyə Ərəbistanı, Qətər, İran kimi dövlətlər, o cümlədən gizli fəaliyyətdə olan Ermənistandır. Fransa və Almaniya kimi dövlətlər Türkiyəyə qısqanclıqla yanaşır. Buna baxmayaraq, Türkiyənin Avropada mövqeyi güclənir".
Politoloq vurğulayıb ki, İŞİD Türkiyəyə müharibə elan edib: "Bu təşkilatın əsas hissəsi ASALA-dır. Yəni, ermənilər Türkiyədə törədilən terror aktlarında da öz işlərini görürlər. Xüsusilə Fransa erməniləri bu işdə fəallıqları ilə seçilirlər".
Cümşüd Nuriyevin fikrincə, Türkiyədə növbəti terror aktlarının olacağını indidən proqnozlaşdırmaq mümkündür: "Bu, müəyyən vaxta qədər olacaq. Ümumən isə Türkiyədə terror aktları törətməklə böyük səhvə yol verirlər. Bununla yatmış türkü oyadırlar. Hər törədilən terror aktından sonra Atatürkün döş nişanını gəzdirən gənclərin sayı artır. Türk millətinin özünəqayıdış prosesi çox ciddi nəticələrə gətirib çıxaracaq. Lazım gəlsə, yoluna çıxan hər kəsi süpürüb atmaq gücünə qadirdilər. Hesab edirəm ki, türkün ayılması möhtəşəm olacaq".
Siyasi ekspert Arzu Nağıyev də hesab edir ki, törədilən terror aktları Türkiyəni cəzalandırmaq istəyən qüvvələrin əməlidir: "Türkiyə Rusiya ilə yaxınlaşdıqca, ABŞ buna qısqanclıqla qarşılayır. Ancaq Türkiyə hakimiyyəti unutmamalıdır ki, Suriya məsələsindən başqa Rusiya ilə üst-üstə düşən ümumi mövqeyi yoxdur. Bu baxımdan hər iki dövlətin istər turizm, istər iqtisadi cəhətdən bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün məhz eyni mərkəzdən idarə olunan terror aktları törədilir.
Bu gün Rusiya ilə Türkiyəni bağlayan əsas məsələlərdən biri və birincisi Suriya məsələsidir. Məhz buna görə də, tək buna ümidli olub yaşamaq qeyri-mümkündür. Ona görə də, həm Rusiya ilə, həm ABŞ-la, həm də NATO-nun digər üzvləri ilə balanslı siyasət aparmaq və qarşı-qarşıya oturub, bütün problemləri çözmək ən normal proses ola bilər. Bu gün ABŞ hakimiyyəti ilə Türkiyə arasındakı əsas problmelərdən biri FETÖ məsələsidir, Eyni zamanda Avropa ilə miqrant məsələsində problemlər var. Düşünürəm ki, bütün bunları balanslı siyasətlə həll edilməlidir".