“Gedişata hazır olmaq lazımdır” Siyasət

“Gedişata hazır olmaq lazımdır”

Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun hənsədrlərinin fəaliyyətində durğunluq nəzərə çarpsa da "ictimai diplomatiya" müstəvisində, eləcə də Ermənistanda və Rusiyada maraqlı proseslərin baş verdiyinin şahidi oluruq.
Bunu BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiya sədrinin müavini Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəylinin qənaətinə görə Azərbaycanda erməni vətənpərvərlərinin iştirakı ilə elan olunan sülh platformasına Ermənistanda, işğal altında olan Azərbaycan torpaqlarında və dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin dəstək verməsi, Ermənistanın sabiq prezidenti və Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Sülh və yaxın qonşuluq" şüarı ilə qatılacağını bəyan etməsi, Rusiyada bu ölkənin tanınmış ictimai xadimləri, alimləri tərəfindən Zəngəzurun Azərbaycana qaytarılması və Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan 1977-ci ildə ermənilərin Moskvada həyata keçirdikləri terror aksiyaları ilə bağlı məlumatların ictimailəşdirilməsini tələb edən petisiyaların gündəmə gəlməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün mexanizmlərin hərəkətə gətirildiyini göstərir: "İndi atəşkəs təkcə qoşunların təmas xəttində deyil bütün müstəvilərdə pozulub və baş verənlər Ermənistan hakimiyyətinin manevr imkanlarını, manipulyativ davranışlarını ciddi təzyiq altında saxlayır".
BAXCP sədrinin müavini qeyd edib ki, bu prosesdə Azərbaycanın yürütdüyü siyasətin , qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin rolu danılmazdır: "Amma prosesin yalnız Azərbaycanla əlaqələndirilməsini də doğru hesab etmirəm. Ermənistan cəmiyyəti ciddi şəkildə parçalanıb. Bu proses uzun illərdir ki, davam edir və indi, mövcud regional və qlobal geosiyasi, geoiqtisadi proseslər müstəvisində yeni bir mərhələyə qədəm qoyub. Hakimiyyəti terror yolu ilə mənimsəyən Köçəryan və Sarkisyan klanının qondarma soyqırım və digər tarixi yalanlar üzərindən yürüdülən siyasət nəticəsində Qarabağın Azərbaycandan qoparılacağı barədə uzun illərdən bəri uydurduğu nağıllara artıq heç kimi inandırmaq mümkün deyil. Qondarma soyqırımın 100 illiyi ilə bağlı uzun illərdən bəri həyata keçirilən fəaliyyət heç bir nəticə vermədi və iflasa uğradı. Əvəzində isə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım aktının tanınması istiqamətində ciddi nəticələr əldə olundu. Bu isə öz növbəsində erməniləri bir arada saxlayan əsas ideoloji amilin sıradan çıxmasına, erməni diasporunun və diaspor tərəfindən himayə olunan ictimai-siyasi təşkilatların parçalanmasına səbəb oldu".
Elçin Mirzəbəylinin sözlərinə görə, Ermənistan hakimiyyətinin başqa bir ideoloji təbliğat silahı isə aprel döyüşlərindən sonra iflasa uğrayıb: "Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks əməliyyatlar nəticəsində "qalib millət" və mövcud status-kvonun toxunulmazlığına verilən qeyri-rəsmi beynəlxalq, yaxud regional təminat barədə mif də alt-üst oldu. Ermənistan cəmiyyəti real təhlükə ilə qarşı-qarşıya qaldığını, toxunulmaz olmadığını başa düşdü və beləliklə də üstü hərbi vətənpərvərlik ritorikası ilə qapanmış ziddiyyətlər daha qabarıq şəkildə görünməyə başladı. Ermənistan hakimiyyətinin "İsgəndər" raketləri ilə bağlı ideoloji hücumu qısamüddətli durğunluq yaratsa da "Dəmir Günbəz" cavabı ilə alt-üst edildi. İndi Ermənistan üzrərindəki toxunulmazlıq pərdəsi tamamilə qaldırılıb. Sovet İttifaqının süqutunundan sonra yaranmış və ermənilərin məharətlə istifadə etdikləri geosiyasi vəziyyət də tamamilə dəyişib. Artıq ABŞ-da keçirilən prezident seçkilərində erməniləri heç kim xatırlamıra, prezidentliyə namizədlər qondarma soyqırımla bağlı vədlər vermirlər, ABŞ-dakı Erməni Milli Komitəsi proseslərdən sınırdışı edilib.
Eyni vəziyyət Rusiyada da özünü qismən büruzə verir. Ankara-Moskva yaxınlaşmasından sonra, mənim subyektiv olaraq rus-türk açılımı kimi dəyərləndirdiyim yeni vəziyyət Rusiya cəmiyyətində reallığı başa düşən insanların sayını daha da artırıb. "Moskva göz yaşlarına inanmır". Rus dövlətçiliyinin maraqları tələb edəndə isə heç inanmır. Rusiyanın geosiyasi analitikləri yaxşı başa düşürlər ki, avrasiyaçılığın geosiyasi nəzəriyyədən reallığa çevrilməsinin qarşısında dayanan ən böyük maneə Ermənistandır. Ruslar ermənilərdən tarixin müxtəlif dönəmlərində istifadə etdikləri üçün onları bizdən heç də pis tanımırlar. Bəlkə də daha yaxşı tanıyırlar. Bu gün qlobal çağırışlarla üz-üzə qalan Rusiya üçün Cənubi Qafqaz həyati əhəmiyyət kəsb edir. Təfərrüata varmağı ictimai maraqlar baxımından doğru saymadığım üçün detallı danışmayacağam.
Hesab edirəm ki, Rusiyada erməni terrorizmi və Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı petisiyaların gündəmə gəlməsi də, Ermənistanda baş verənlər də bir-biri ilə birbaşa əlaqəli olmasa da ümumi prosesin tərkib hissəsidir. Ötən il son aylarında bu prosesin 2017-ci ildə daha da dərinləşəcəyini demişdim. Hadisələr bizim gözlədiyimizdən daha sürətlə inkişaf edəcək. Bu baxımdan, gedişata hazır olmaq lazımdır".