“Ermənistanın alçaq davranışı...” Siyasət

“Ermənistanın alçaq davranışı...”

XİN: "...Terrorçulara məxsus yanaşmadır"

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün tərəflərlə danışıqları davam etdirir.
Bunu APA-ya açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O qeyd edib ki, BQXK hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir: "BQXK hakimiyyət orqanları ilə konfidensial və ikitərəfli dialoqu davam etdirir və bu dialoqun məzmunu ictimaiyyətə açıqlanmır".
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti Ermənistanı torrorçulara məxsus yanaşma ortaya qoymaqda ittiham edib.
(XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, beynəlxalq humanitar hüquqa, xüsusilə Cenevrə konvensiyalarına uyğun olaraq həlak olmuş hərbi qulluqçunun meyiti dərhal qaytarılmalı olduğu halda, Ermənistanın törətdiyi təxribatdan on gündən artıq müddət keçməsinə baxmayaraq, rəsmi İrəvan hərbi qulluqçumuzun meyitini qaytarmaqdan imtina edir: "Ermənistan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətləri cavabsız qoyur".
Hikmət Hacıyev qeyd edib ki, bu günlərdə Ermənistan silahlı qüvvələrinin rəhbərliyinin hərbçimizin meyitinin hələ də onlarda olduğunu deməsi Ermənistanın siyasi-hərbi rəhbərliyinin sivil davranışdan nə dərəcədə uzaq olmasının növbəti ifşasıdır: "Cəsədin dərhal geri qaytarılmasının təmin olunması humanitar, mənəvi-əxlaqi məsələ olmaqla bərabər, beynəlxalq humanitar hüququn ciddi tələbidir. Ermənistanın azərbaycanlı hərbi qulluqçunun cəsədini geri qaytarmaması, cəsəddən qisas almaq, cəsədləri fiziki və psixoloji işgəncə obyektinə çevirməsi sıradan bir hal olmayaraq, Ermənistanın yürütdüyü dövlət siyasətinin tərkib hissədir ki, biz bunun dəfələrlə şahidi olmuşuq. Bu cür alçaq davranış əsgər və zabit şərəfinə sığmayaraq, yalnız terrorçulara məxsus yanaşmadır".
XİN rəsmisi əlavə edib ki, müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə şəhid olmuş hərbi qulluqçu Çingiz Qurbanovun cəsədinin geri qaytarılması üçün səylər davam etdiriləcək.
Azərbaycanın diplomatik nümayəndəlikləri sözügedən məsələni davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında qaldırırlar.