
Elxan Şahinoğlu: "Bu əməkdaşlıq görüntü xarakteri daşıyır və Azərbaycanın əleyhinə yönəlib"
Məhəmməd Əsədullazadə: "Rusiyanın icazəsi olmadan Ermənistanın heç bir ölkə ilə hərbi əməkdaşlığı mümkün deyil"
İlqar Vəlizadə: "İran və Ermənistan arasında hərbi əməkdaşlığın perspektivi olduqca aşağıdır"
Ermənistan müdafiə nazirinin Moskvadan sonra İrana səfəri sual doğurur. İki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri nə qədərdir və Azərbaycanı təhdid edən amillər hansılardır?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Xalq Cəbhəsi"nə açıqlamasında bildirdi ki, Erməniistanla İran arasında hərbi əməkdaşlığın elə böyük perspektivi yoxdur. Politoloq "nə Ermənistanın pulu var ki, İrandan silah ala bilsin, nə də İran müasir silahlar istehsal edir ki, Ermənistanın xüsusi marağına səbəb olsun". – deyə diqqətə çatdırdı: "Bu əməkdaşlıq görüntü xarakteri daşıyır və Azərbaycanın əleyhinə yönəlib".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə vurğuladı ki, Ermənistan prezidenti Serj Sarkisyan hazırda Azərbaycanın getdikcə artan hərbi gücündən narahatdır və ölkəsinin bu çətin drumuna görə Rusiya və İranla hərbi əməkdaşlığı genişləndirmək siyasətini aparır: "Ona görə də Ermənistanın müdafiə naziri Vigen Sarkisyanı son bir həftə içində Rusiyaya ardınca İrana səfərə göndərməsi, bu ölkələrlə Azərbaycan əleyhinə yönəlmiş hərbi əlaqələrin qrulmasından xəbər verir. Erməni nazirin Moskvada Rusiya Müdafiə nazirinin birinci muavini Ruslan Tsalikovla görüşündə iki ölkə arasında hərbi əlaqlərin inkişaf perspektivləri, həmçinin Rusiyanın Ermənistana hərbi yardımları müzakirə olunub. Bu görüşdə Rusiya MN birinci muavinin Rusiyanın Cənubi Qafqazda Ermənistanı yeganə müttəfiq adlandırması, bu ölkənin ordusunun inkişafına verdiyi töhfəni dilə gətirməsi, Rusiyanın Ermənistana bir daha dəstəyinin nümunəsidir".
O diqqətə çatdırdı ki, Qarabağ danışıqlarının hazırda aparılmadığına və cəbhədə hər gün gərginləşən vəziyyət fonunda erməni nazirin Azərbaycanın iki qonşu dövlətinə səfəri diqqət çəkicidir və bunu Azərbaycan əleyhinə yönəlmiş səfərdir: "Çünki, bu səfər və danışıqlar Azərbaycanla normal qonşuluq siyasəti quran Rusiya xüsusilə, İranla aparılması narahatedicidir. İran görünür ötən ilin Aprelində Azərbaycanın hərbi uğurundan narahatdır və Ermənistana dəstək verməklə status-kvonun Azərbaycanın xeyrinə dəyişməsini özünnün geosiyasi maraqlarına zidd hesab edir. Ermənistan tərəfi Azərbaycanın artan hərbi gücündən çəkinməkdədir və bu səfərlərlə iki ölkənin Ermənistanın yanında olduğunu görüntüsünü yaratmasıdır. Qeyd edim ki, Vigen Sarkisyanın İrana səfəri, bir başa Rusiyanın icazəsi ilə baş tutub. Çünki, Rusiyanın icazəsi olmadan Ermənistanın heç bir ölkə ilə hərbi əməkdaşlığı mümkün deyil. Rusiyanın Ermənistanı silahlandırması və burada öz qoşununu yerləşdirməsi aydındır. Amma, İranın işğalçı ölkənin müdafiə nazirini qəbul etməsi sual doğurmaya bilməz. Çünki, İran Ermənistanla iqtisadi-siyasi əlaqlərə malikdir, bu əlaqələri hərbi müstəviyə keçirməklə Azərbaycana təzyiq formalaşdırmaq istəyindən irəli gəlir. Belə bir qənaət formalaşır ki, İran işğalçı ölkə ilə hərbi əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlıq birbaşa Azərbaycanın ərazilərinin işğalda qalmasına zəmin yaradır. İran bununla, Azərbaycana təzyiq mexanizmini fikirləşirsə, həmin siyasət İran əleyhinə atılmış addım ola bilər. Haqlı olaraa, sual yaranır ki, İran Ermənistanın hansı hərbi potensialına görə əməkdaşlıqda maraqlıdır? Halbuki, Ermənistanın bütün hərbi sənaye kompleksi Rusiyanın ixtiyarındadır. Və Rusiya, Ermənistanla birgə ordu yaratmaqdadır. Həmçinin Ermənistanın, o qədər vəsaiti yoxdur ki, digər ölkələrdən silah alsın. Belə olan təqdirdə, İranın silah ticarəti adı ilə Ermənistanla əməkdaşlığı yalnız işğalçıya dəstəkdən irəli gəlir".
Politoloq dedi ki, erməni nazirin Tehran səfərində İranla birgə hərbi təyinatlı müəssisələrin açılmasında və düşmən ölkəyə müəyyən silahların verilməsində hər hansı müqavilə bağlaması danışıqlar predmeti olması istisna deyil: "İran belə bir addım atarsa, Azərbaycanla qonşuluq siyasətinə zərər gətirə bilər. Ölkələrimiz hazırda birgə iqtisadi lahiyələr həyata keçirir. "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə ölkələr arasında əlaqələrin inkişafı nəzərdə tutulur. Hesab edirəm, İran tərəfi Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdırsa, işğalçı Ermənistanın müdafiə nazirinin səfər proqramını minimuma endirməlidir".
Politoloq İlqar Vəlizadə hesab edir ki, İran və Ermənistan arasındakı mümkün hərbi əməkdaşlıq mühüm perspektiv vəd etmir: "İran və Ermənistan arasında hərbi əməkdaşlığın perspektivi olduqca aşağıdır. Birincisi, qeyd edək ki, Ermənistan İrandan silah-sursat almır. Ermənistan silaha olan tələbatını Rusiya hesabına ödəyir. Rusiya Ermənistana kredit ayırır ki, Ermənistan bu kredit hesabına Rusiyadan silah alsın. Ermənistan demək olar ki, digər ölkələrədn silah-sursat almır. Ermənistan İran üçün maraqlı partnyor deyil.
İran-Ermənistan arasında hərbi-texniki əməkdaşlıq imkanı məhduddur. Biz daha çox hərbi-siyasi əməkdaşlıq perspektivindən danışa bilərik. Bu əməkdaşlıq imkanları da məhduddur. Çünki Ermənistan Rusiyanın söz sahibi olduğu KTMT-in bir üzvüdür. Ermənistan müstəqil üzv deyil və Rusiya nə deyirsə, onu da edir. Ermənistan istəsə belə müstəqil addım ata bilməz. Əgər KTMT ilə İran arasında hansısa hərbi əməkdaşlıq olarsa, Ermənistan bu əməkdaşlıqda yer ala bilər. Bütün bunları ümumiləşdirib söyləmək olar ki, Ermənistan-İran arasında hərbi əməkdaşlıq perspektivi yox dərəcəsindədir.
Lakin bir məsələ də var ki, İran və Ermənistana arasındakı danışıqlar Azərbaycan üçün bəzi suallar doğurur. İşğalçı dövlətlə danışıq aparmağa nə lüzum var? Azərbaycan üçün işin qıcıqlandırıcı tərəfi məhz budur.
Bir daha vurğulayıram ki, sabah Azərbaycan işğaldakı torpaqlarını hərbi yolla azad etməyə qərar versə, İran-Ermənistan əməkdaşlığı bu məsələdə heç bir rol oynamayacaq".
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, səfərin əsas məqsədi kimi İranla Ermənistan arasında hərbi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin ikitərəfli əlaqələrin inkişafının müzakirə ediləcəyi deyilsə də, əslində tamam başqa ciddi məsələlərin müzakirə olunacağı istisna deyil: "Xüsusən də, İranın cinayətkar Serj Sarkisyan komandasına apreldə keçiriləcək parlament seçkiləri zamanı göstərə biləcəyi dəstək, həmçinin Silahlı Qüvvələr üçün yaxın zamanlarda edə biləcəyi köməkliklərin müzakirə edilmə ehtimalı böyükdür.
Diqqət yetirdinizsə, erməni nazir ötən həftələrdə öz baş naziri ilə bərabər Moskvada görüşlər keçirdi. Ardınca, Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Çalikov Vigen Sərkisyana təcili olaraq bəzi göstərişləri çatdırdı. Biz onsuz da görürük və hiss edirik ki, Qarabağ məsələsində Ermənistan, Rusiya və İran üçbucağı çox uğurlu "əməkdaşlıq" sərgiləyirlər. Baxmayaraq ki, dini bir, dili daha çox bizə yaxın olan İran islam dövləti Azərbaycana dəstək olmaq əvəzinə, nədənsə, işğalçı Ermənistanı cani-dildən dəstəkləməkdə davam edir. Bəzi nüansları biz başa düşürük. Amma bu münasibətlərin dərin dostluq və qonşuluqdan daha çox bir sıra siyasi amillərlə bağlı olduğunun də fərqindəyik.
Düşünürəm ki, bəlli bir zaman kəsiyində, mütləq cənub qonşularımız olan İran İslam Respublikasında nəhayət ki, bədnam Ermənsitanın qeyri-səmimi, islami dəyərləri daim təhqir edən xain əməlləri başa düşüləcək və buna sərt təpki göstəriləcək. Mümkün deyil ki, İslamı və İslamı dəyərləri hər addımda aşağılayan, ona həqarət edən Ermənsitan kimi şovinist, başqasının çaldığı hava ilə oynayan xristian bir dövlət İran kimi qatı islam dövləti ilə səmimi dost və müttəfiq ola. Bir gün gələcək, iranlılar da buna əmin olacaqlar.
Nə qədər ki, xain qonşularımız çətin bir vəziyyətdədirlər, onlar tülkü kimi ona-buna yalvarmaqla ömürlərini sürürlər. Amma mən şəxsən İran-Ermənistan hərbi əməkdaşlığının heç bir perspektivinə inanmıram və gec-tez bu münasibətlər arxa plana keçəcək. İndi İrandan daha çox Ermənistan və ona havadarlıq edən rəsmi Moskvanın xahişi və vasitəçiliyi ilə iranlı qonşularımız ermənilərlə bəzi hərbi, hərbi-siyasi işlərdə birgə fəaliyyət göstərməyə məcburdular. Sadə dillə desək, bu, istəkdən deyil,məcburiyyətdən doğan bir əməkdaşlıqdır".
Əli