“Ermənistan artıq quldurluqla məşğuldur” Siyasət

“Ermənistan artıq quldurluqla məşğuldur”

Fikrət Sadıqov: "Çünki, düşmən ölkə ölkəmizə qarşı canlı insanlarla yanaşı meyitlərdən də istifadə etməyə çalışır"

Arzu Nağıyev: "Təbii ki, belə alçaq bir addım bütün beynəlxalq konvensiyalara zidd bir məsələ idi"

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Ermənistan şəhid əsgərin cəsədini qaytarmaqdan imtina edirdi ki, bu da ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. 39 günlük bir müddətdən sonra Ermənistan tərəfi şəhid Çingiz Qurbanovun meyitini Azərbaycan tərəfinə təhvil verib.
Politoloq Fikrət Sadıqov deyib ki, Ermənistan artıq quldurluqla məşğuldur: "Çünki, düşmən ölkə ölkəmizə qarşı canlı insanlarla yanaşı meyitlərdən də istifadə etməyə çalışır. Bu da təbii ki, bütün beynəlxalq saziş və konvensiyalara ziddir". Onun sözlərinə görə, dekabrın 29-da şəhid olan əsgərimizin 39 gündən sonra Azərbaycana qaytarılması faktiki olaraq ölkəmizin uğurudur: "Əgər Azərbaycan Prezidenti bu məsələdə qətiyyətli mövqe ortaya qoymasa, məsələni yüksək distansiyalar səviyyəsində müzakirəyə çıxarmasaydı, bəlkə də Ermənistan yenə də şəhidimizin meyitini geri qaytarmazdı. Biz bu istiqamətdə olan səylərimizi davam etdirməli, Ermənistanı məcbur edib, digər vətəndaşlarımız da düşmən ölkədən geri almalıyıq".
Beynəlxalq aləmin bu cür məsələlərdə heç bir mövqe nümayiş etdirməməsi ilə bağlı fikirlərini bildirən F. Sadıqov qeyd edib ki, bu, beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlı münasibətlərinin sübutudur: "Uzun illərdir ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var və onların heç biri yerinə yetirilmir. Beynəlxalq təşkilatlar bu məsələlərdə çox passiv olduqları üçün biz onların diqqətini bu məsələlərə cəlb etməyə məcburuq. Təbii ki, hər şeyə nail olmaq mümkün deyil. Çünki burada siyasi məqamlar, Ermənistana xüsusi yanaşmalar, ikili standartlar var. Lakin biz bu məsələdə aktiv olmalı, siyasətimizi, hücumedici addımlarımızı atmalıyıq".
Siyasi şərhçi Arzu Nağıyev diqqətə çatdırıb ki, şəhid olan Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılmaması erməni tərəfinin yaramaz və qeyri-adekvat bəhanəsi idi: "Burada əsas məqsəd ondan ibarət idi ki, guya iki dövlətin sərhəddində olan təxribatın məhz Azərbaycan tərəfdən edildiyi bəyan edilməli idi və avtomatik olaraq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğunu gündəmə gətirilməli və bütün üzvlər bəyanatla çıxış etməli idilər. Bununla da ermənilər aqressor və təxribatçı olmadıqlarını bəyan etmək istəyirdilər. Təbii ki, belə alçaq bir addım bütün beynəlxalq konvensiyalara zidd bir məsələ idi . Yəni əsgərimizin nəşi qeyri-şərtsiz vaxtında qaytarılmalı idi. Təbii ki, indi qaytarılma artıq beynəlxalq səviyyədə Ermənistanın qanunsuz addımlar etdıyı kimi qiymətləndirilə bilər".
Əli