Əziz Ələkbərov: “Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bölgədə davamlı sülhün qurulmasını çətinləşdirir” Siyasət

Əziz Ələkbərov: “Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bölgədə davamlı sülhün qurulmasını çətinləşdirir”

“Biz inanırıq ki, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür”.

APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi II beynəlxalq konfransın açılış sessiyasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərov deyib.

“Bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır. Təəssüf ki, Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bu məsələni çətinləşdirir. Buna baxmayaraq, biz sülh və dialoq prinsipləri əsasında haqq işimizi davam etdirməkdə qərarlıyıq”, - deyə o əlavə edib.

Ə.Ələkbərov bildirib ki, konfransın əsas mövzuları beynəlxalq hüquqda qayıdış hüququnun əsaslarının gücləndirilməsini, barışıq və sülh quruculuğunda ədalətin rolunun vurğulanmasını əhatə edir: “Tədbir zamanı, həmçinin, qayıdış prosesində təhlükəsizlik təminatlarının yaradılması və mülkiyyət hüquqlarının bərpası kimi vacib məsələlərə xüsusi diqqət yetiriləcəkdir. Bununla yanaşı, mədəni irsimizin qorunması və bərpası üçün beynəlxalq dəstəyin təmin edilməsi, habelə insan hüquqlarına universal yanaşmanın təşviqi və ikili standartların aradan qaldırılması müzakirələrin mərkəzində durur”.