“Sarkisyan yalançı və soyğunçudur“ Siyasət

“Sarkisyan yalançı və soyğunçudur“

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. "ORO" bloku İrəvanda kütləvi mitinqlər keçirir. Aksiyaya xeyli sayda narazı vətəndaş toplaşıb. "ORO" blokunun rəhbəri Seyran Ohanyan deyib ki, Ermənistan vətəndaşlarının mövcud rejimə qarşı çıxmaqdan başqa yolu yoxdur.
Seçkinin nəticələrini saxtalaşdıracaq hökumətdən cəmiyyətə fayda olmaz. Hakimiyyət sizə özünüzü idarə etmək hüququ verməlidir. Onlar isə bunun əksini edirlər. Bu gün Ermənistanda hökumətə qarşı çıxan hər kəsə qarşı təzyiq var. Görün nə qədər vətəndaşa xəyanət damğası vurularaq həbs olunub.
Seyran Ohanyan bəyan edib ki, seçkidə məğlub olsalar belə mübarizələrini davam etdirəcəklər. "ORO" blokunun namizədləri də çıxışlarında hakimiyyətin fəaliyyətini tənqid ediblər. Prezident Serj Sarkisyan yalançılıq və soyğunçuluqda ittiham olunub.
"ORO" blokunun təmsilçisi Raffi Ovanisyan bildirib ki, Serj Sarkisyanın rəhbərlik etdiyi bu cinayətkar qruplaşma illərdir Ermənistanı talayır. Onlar hakimiyyətdə təmsil olunduqları müddətdə xalqa yalan vəd verməkdən başqa iş görməyiblər. Şöhrət Serj Sarkisyanın gözünü o qədər tutub ki, onu bu posta gətirən insanların əksəriyyətini şərləyərək həbs etdirib.
Ölkədəki problemlərdən, daxili və xarici çəkişmələrdən yorulduqlarını bildirən etirazçılar hər kəsi Serj Sarkisyan rejiminə qarşı birləşməyə çağırıblar. İrəvan sakinləri deyiblər ki, Serj Sarkisyan nə qədər gec deyil istefa verməlidir. Bu hökumət bilməlidir ki, əhalinin səbir kasası artıq daşıb. İllərdir bizi səfil vəziyyətinə qoyublar. İnsan kimi özümüzdən utanırıq. Biz münaqişə, övladlarımızın gənc yaşlarında ölməsini istəmirik.
Mərkəzi meydanda keçirilən mitinq yürüşlə davam edib. Aksiya iştirakçıları siyasi məhbusların azadlığa buraxılması tələbini də irəli sürüblər.