
Qüdrət Həsənquliyev: "İnsan cəmiyyətdə yüksək seçkili statusa malikdirsə, ona asan formada cəza mexanizmi tətbiq edilməməlidir"
Fazil Mustafa: "İntizam Komissiyasının rəyi qərəzli ola bilər"
Azərbaycan Milli Məclisinin İnsan hüquqları ilə Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin dünən keçirilən birgə iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə deputat Vüsal Hüseynov məlumat verib.
Qanun layihəsində deputat qarşısında mədəni davranış, Milli Məclisin iclaslarında etik davranma, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.
13 maddədən ibarət olan qanun layihəsi parlament tərəfindən hazırlanıb.
Müzakirələr zamanı İnsan hüquqları komitəsinin sədri, vitse-spiker Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərin tələbidir: "Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir. Dünyanın bir çox ölkəsində müvafiq dövlət qurumlarının, seçkili orqanların rəhbərlərinin, bələdiyyə üzvlərinin, dövlət qulluqçularının, o cümlədən parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var. Bu qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyinin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələl gətirə biləcək hərəkətlərdən çəkindirməkdir. Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb".
Deputat Azay Quliyev vurğulayıb ki, belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac vardı: "Layihədə yer alan müddəalarda qeyri-adi heç nə yoxdur. Konstitusiyaya əsasən, bunu ümumi cəmləşdirib yekun halda təqdim etmək lazım idi. Hakim partiyaların, müstəqil və müxalifət partiyalarının deputatları ilə ayrılıqda görüşüb işçi qrupu da yarada bilərik"
Millət vəkili Fazil Mustafa qeyd edib ki, qanunda bəzi məsələlərə aydınlıq gətirilməlidir: "Hər hansı təşkilat və ya universitet deputata ad verirsə, yaxud, fəaliyyətinə görə mükafatlandırıb, ona bahalı vaza verirsə, o zaman deputat deməlidir ki, bu bahalı vazadır, mən götürə bilmərəm. Buna görə mən cəzalandırıla bilərəm". Onun sözlərinə görə, qanun layihəsində bir sıra ziddiyətlər də mövcuddur. "Çünki sənəddə etik qayda ilə mənəvi məsələlər qarışdırılır. Qanun layihəsindən elə çıxır ki, deputatlar eyni universiteti bitirməli, eyni savada və biliyə malik olamlıdır. Axı, belə olmaz?! Birisi hüquqşünasdır, birisi biznesi təmsil edir. Digəri başqa bir ali məktəbi bitirib. Hamının eyni bilik, savad, davranış qaydası sərgiləməsi mümkün deyil. Məsələn, Türkiyədə elə deputat var ki, heç yaza bilmir. Ancaq seçici o şəxsə səs verib, deputat seçir. Belə yanaşmalar düz deyil".
Fazil Mustafa bildirib ki, layihədə deputatlara verilən hədiyyələrlə bağlı müddəa düzgün deyil: "Milli Məclisin İntizam Komissiyasının rəyi qərəzli ola bilər. Məsələn, bir sahibkar hansısa çıxışıma görə mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən İntizam Komissiyasına müraciət edib rəy alım, ondan sonra qonaqlığını ver. Çıxışım sahibkarın xoşuna gəlib qonaqlıq vermək istəyirsə, bunun nəyi qəbahətdir?. Ümumiyyətlə mənə elə gəlir ki, layihədə deputatın fəaliyyəti ilə bağlı bir çox sərtliklər var".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, vaxtilə parlamentdə küçə söyüşlərinin söyülməsi halları baş verib: "Həmin şəxslər buna görə layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi. Amma deputat hər kiçik insidentə görə mandatından məhrum edilməli deyil. Ümumiyyətlə, insan cəmiyyətdə yüksək seçkili statusa malikdirsə, ona asan formada cəza mexanizmi tətbiq edilməməlidir".
Deputat Rafael Cəbrayılov isə bildirib ki, bu qanun layihəsi hüquqi zərurətdən daha çox mənəvi zərurətdən meydana çıxıb: "Qanun layihəsinin qəbul olunması Azərbaycan parlamentinə əlavə mənəvi dividentlər gətirəcək. Sadəcə, təklif edərdəm ki, layihədə qeyd olunsun ki, deputat ona verilən yüksək statusdan istədiyi kimi istifadə etməsin".
Sonda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihədəki müddəaların hamısı Konstitusiyaya əsasən hazırlanıb: "Sadəcə biz bunu plenar iclasa tövsiyə etdikdən sonra rəhbərlikdən də xahiş edərik ki, iclasa qədər vaxt versin, işçi qrupu səviyyəsində üzərində bir qədər də işləyək".
Layihə plenar iclasa tövsiyə olunub.
MM-in daxili Nizamnaməsinə dəyişikliklər layihəsi də plenar iclasa tövsiyə edilib.