Cibuti rəhbərliyi Azərbaycana təşəkkürünü bildirib Siyasət

Cibuti rəhbərliyi Azərbaycana təşəkkürünü bildirib

Xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Respublikası Milli Assambleyasının prezidenti Məhəmməd Əli Humədin başçılıq etdiyi nümayəndə ilə görüşüb.
Görüşdə iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Parlament diplomatiyasının önəminin vurğulandığı görüşdə hər iki ölkə parlamentində yaradılan dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum qətnamələrinin qəbulunda BMT TŞ-nin o zaman qeyri-daimi üzvü kimi Cibutinin fəal rolunu yüksək qiymətləndirib. O, həmçinin Cibuti Respublikasının Milli Assambleyasında Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsi, ümumilikdə Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə ölkə adından təşəkkürünü bildirib.
Məhəmməd Əli Huməd isə Azərbaycan hökuməti tərəfindən Cibuti Respublikasına edilən humanitar yardıma görə minnətdarlığını çatdırıb və hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduqlarını bəyan edib. O, Cibutini Azərbaycan üçün Afrika və ərəb dünyasına "giriş qapısı" kimi xarakterizə edib və bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Cibuti portu, Azərbaycan Hava Yolları QSC-in Cibutinin müvafiq qurumları ilə əməkdaşlığı və qarşılıqlı səfər mübadiləsini təqdir etdiyini söyləyib.