Yaxın 3-4 il ərzində bu proses başa çata bilər
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindədir. Bu barədə "Trend"ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu ilin sonuna qədər nazirlik bu layihənin reallaşdırılmasına başlamaq niyyətindədir: "Bu ilin sonuna kimi biz Sovet İttifaqı dövründə tikintisinə başlanılmış, lakin təxirə salınmış Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindəyik. Bu layihə çərçivəsində nüvə reaktorlarının tikintisi nəzərdə tutulub. Yəqin ki, yaxın 3-4 il ərzində bu proses başa çatar".
Qeyd edək ki, Fransanın "VINCI Construction Grands Projets" şirkətinin istismar üzrə direktoru Patrick Kadri Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsində maraq göstərib. Şirkət nüvə sahəsində reallaşdırılan layihələr çərçivəsində 47 tikinti reallaşdırıb və bu sahədə beş ən iri şirkətdən biridir.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Fransanın Müdafiə Sənayesi Təşkilatının (GİCAT) və Fransanın Sahibkarlar Təşkilatının (MEDEF) prezidenti Kristian Monsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə də bu məsələ diqqət mərkəzində olub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə İKT sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, o cümlədən, kosmik sənayenin inkişafı, nanotexnologiyaların və nüvə tədqiqatlarının genişləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə qonaqları məlumatlandırıb.
Nazir, həmçinin yüksək texnologiyaların tətbiqi ilə Fransa şirkətləri tərəfindən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasını xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.
Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında dövlət başçısının sərəncamından irəli gələn məsələlərə diqqət çəkən nazir bu istiqamətdə Fransa şirkətləri ilə əməkdaşlıq qurmağın faydalarından danışıb. Əli Abbasov Fransa şirkətlərini "Fiber-to-home" texnologiyasının tətbiqi ilə Azərbaycanda genişzolaqlı internetin inkişafı, data mərkəzlərinin yaradılması, ixracyönümlü məhsulların istehsalı, nüvə tədqiqatları üzrə rentabelli layihələri həyata keçirmək üçün birgə əməkdaşlığa dəvət edib.
Fransa şirkətləri öz növbələrində kosmik sənayenin inkişafı, o cümlədən peykin optik müşahidəsi və nüvə araşdırmaları sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.