“Ərazi bütövlüyü məsələsindən heç vaxt vaz keçməyəcəyik“ Siyasət

“Ərazi bütövlüyü məsələsindən heç vaxt vaz keçməyəcəyik“

Əli Həsənov: "Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe həmsədrlərə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qaytarılmalı, münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüquq normalarına əməl olunmalıdır".
Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.
"Əlbəttə biz kompromisi də, həmsədr ölkələrin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı fərqli mövqelərini də anlayırıq, amma əsas məsələ beynəlxalq hüququn pozulmaz prinsipi olan ərazi bütövlüyü məsələsidir ki, biz ondan heç vaxt vaz keçməyəcəyik. Cənab prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək. Biz eyni zamanda bölgədə konstruktiv sülhə nail olmağa hazırıq", - deyə Ə. Həsənov qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, həmsədrlərin Azərbaycana növbəti səfəri də vəziyyətin aydınlaşdırılmasına, tərəflərin mövqelərinin bir daha araşdırılmasına və bu mövqelərin yaxınlaşdırılması fonunda münaqişənin həlli ilə bağlı irəliləyişə nail olunmasına xidmət edir: "Hesab edirik ki, istənilən formatda keçirilən hər bir görüş ortaq mövqelərin tapılmasına xidmət edir və bu mövqelər gec-tez tapılacaq. Əks təqdirdə, müharibə, Dağlıq Qarabağ və işğal altında olan digər torpaqların Azərbaycan ordusu tərəfindən azad olunacağı qaçılmazdır".
"Ermənistanın təcavüzkar siyasəti daim davam edib. Onlar heç vaxt bu siyasətə ara verməyiblər. Sadəcə olaraq, bəlli məqamlarda bir az geri çəkilib, öz mövqelərini gizlətməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışıblar"-deyən Ə. Həsənov bildirib ki, Ermənistan ötən əsrin 90-cı illərdən başlayaraq, bu günə qədər təxribatları davam etdirib: "Onlar davamlı olaraq, xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmin səylərinin artdığı vaxtlarda təxribatlara əl atırlar, cəbhədə qarşıdurmanı gücləndirməyə çalışır, bu fonda həm beynəlxalq aləmdə anti-Azərbaycan mövqelərini gücləndirməyə cəhd edir, həm də əhalinin Ermənistan hakimiyyətinə olan narazılığını ört-basdır etmək məqsədi güdürlər. Ona görə də biz hazırda cəbhədə baş verənləri də əvvəlki təxribatlar kimi, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndirir, buna belə yanaşırıq".
Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 15-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib ki, Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur:"Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və buna Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən münasibət bildirilib. Bu münasibəti yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük".