Pezeşkianın Azərbaycan səfəri: önəmli mesajlar və strateji hədəflər Siyasət

Pezeşkianın Azərbaycan səfəri: önəmli mesajlar və strateji hədəflər

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfər edib. Bu, 44 günlük Vətən müharibəsindən sonra İran Prezidentinin Bakıya ilk səfəridir. Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud və geniş tərkibdə görüşü olub. Görüşdə bir çox məsələlər müzakirə edilib. Prezidentlər Birgə Bəyanat imzalayıblar. Bundan sonra onların iştirakı ilə iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanması mərasimi olub. Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Həmçinin Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumu keçirilib. Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər. Hər iki ölkə prezidenti biznes-forumda çıxış ediblər.

İran Prezidentinin Azərbaycana səfəri haqqında millət vəkilləri fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ruhu yüksəkdir”

Milli Məclisin deputatı Azər Badamov söyləyib ki, “İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri Azərbaycan İran münasibətlərində yeni səhifə açır: “Belə ki, səfər çərçivəsində dövlət başçılarımız arasında aparılan müzakirələr, geniş tərkibdə keçirilmiş görüşdə səsləndirilmiş fikirlər, imzalanmış sənədlər və biznes forumun keçirilməsi əməkdaşlığımızda yeni dövrün başlanğıcı olduğunu hesab edirəm. Çünki Azərbaycanla İran arasında məlum məsələlərdən sonra bir soyuqluq hökm sürürdü. Amma İran Prezidentinin ölkəmizə rəsmi səfər etməsi ilə bir çox məsələlərə aydınlıq gətirildi və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ruhunun yüksək olduğu bəyan olundu”.

“Yüksək nəticələrə nail olmaq mümkündür”

A.Badamov vurğulayıb ki, dövlət başçılarının biznes forumda səsləndirdiyi fikirlər gələcəkdə ölkələrimiz arası əməkdaşlığın genişləndirilməsində böyük rol oynayacaq: “Çünki Azərbaycanla İran arasındakı ticari-iqtisadi dövriyyə bu günün ruhuna uyğun gəlmir. Ölkələrimiz arası iqtisadi əməkdaşlığın dərinləşdirilməsində istifadə olunmamış potensial çox böyükdür. Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizləri və Araz dəhlizində əməkdaşlıq qurmaqla qarşılıqlı fayda və hörmət əsasında daha da yüksək nəticələrə nail olmaq mümkündür. Ölkə başçımızın Cənub-Şimal nəqliyyat dəhlizi boyunca yeni müəssisələrin yaradılması ilə bağlı ifadə etdiyi fikir gələcək əməkdaşlığımızın şaxələndirilməsinə, qarşılıqlı investisiyaların yatırılmasına və biznes strukturları arasında əməkdaşlığın genişlənməsinə yol açacaq. Araz dəhlizi vasitəsilə avtomobil və dəmir yollarının çəkilməsi ölkələrimizə yeni imkanlar qazandıracaq”.

Deputatın sözlərinə görə, Azərbaycanla İran yaxın qonşu və yaxın tarixi, dini, mədəni, adət-ənənələrə malik ölkələrdir: “Müəyyən səbəblərdən ölkələrimiz arasında münasibətlər heç də istəklərimizə uyğun olmayıb. Amma Məsud Pezeşkianın ölkəmizə rəsmi səfərindən sonra Azərbaycan İran münasibətlərində yeni bir səhifənin başlanacağını hesab edirəm”.

“Bu münasibətləri inkişaf etdirmək üçün çox böyük potensial var”

Milli Məclisin deputatı Naqif Həmzəyev vurğulayıb ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərinin baş tutması İran Azərbaycan münasibətlərində yeni səhifənin başlanğıcı kimi dəyərləndirilməlidir: “Cənab Prezident İlham Əliyevlə İran Prezidentinin çox səmimi görüşü və qarşılıqlı çıxışları zamanı ölkələr arasında münasibətlərin yüksək səviyyəyə çatdırılmasına dair müsbət yanaşmanın hiss olunması onu deməyə imkan verir ki, bu münasibətləri inkişaf etdirmək üçün çox böyük potensial var. Xüsusilə də mədəni, dini və soykök baxımından da qohumluq əlaqələrinin olması bu işi daha da asanlaşdıra bilər. Həmçinin hər iki ölkənin çox strateji ərazidə yerləşməsi də imkan verir ki, qarşılıqlı maraqlar təmin edilmək şərti ilə çox böyük iqtisadi layihələr də həyata keçirilsin”.

Depuatat əlavə edib ki, imzalanmış sənədlər, daha sonra keçirilmiş biznes forumda çıxışlar zamanı da çox maraqlı fikirlər səsləndirildi: “Əsasən də Cənab Prezident İlham Əliyevin Araz dəhlizi layihəsi haqqında söylədiyi fikirlərdən belə bir qənaətə gəlmək olar ki, tezliklə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında istifadəyə veriləcək avtomobil və dəmir yolları həm sərnişin daşımasında, eyni zamanda, yüklərin daşınmasında tək Azərbaycan və İran üçün yox, region dövlətlər üçün çox böyük önəm daşıyacaq bir layihə halına gələcək”.

“Yeni qurulan dostluq və qardaşlıq münasibətləri hər iki ölkə üçün çox böyük fayda verəcək”

N.Həmzəyevin sözlərinə görə, həmçinin İran və Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı razılığın əldə olunması onu deməyə imkan verir ki, tezliklə həm Azərbaycanda, həm İranda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi bərpa ediləcək: “Bu da münasibətlərin irəliyə aparılmasına və mədəni layihələrin çoxaldılmasına çox böyük təkan olacaq. Bir sözlə, bu, başlanğıc kimi dəyərləndirilməlidir. Tezliklə İran Prezidentinin Azərbaycana növbəti səfəri planlaşdırılır və böyük ehtimalla yaxın gələcəkdə Cənab Prezident İlham Əliyevin də İrana səfəri baş tutacaq. Bununla münasibətlərimizin daha da irəli aparılması, inkişaf etdirilməsi mümkün olacaq. Bu yeni səhifə əvvəlki dövrdə baş tutmuş müəyyən xoşagəlməz hadisələrin təkrarlanmaması və daha möhkəm əlaqələrin qurulması üçün əla bir fürsət kimi dəyərləndirilməlidir. Biz də bu səfərin, yeni qurulan dostluq və qardaşlıq münasibətlərinin nəticə etibarı ilə hər iki ölkə, hər iki ölkənin xalqları üçün çox böyük fayda verəcəyinə ümidliyik”.

“Azərbaycan rəhbərliyi gərəkən dəstəyi verməyə hazırdır”

Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkian özünün də vurğuladığı kimi, burada Təbriz və Ərdəbil doğmalığı gördü: “Niyə gördü? Bunu o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da. Əlbəttə, bir səfərlə ölkələrimiz arasındakı bəzi problem və fikir ayrılıqlarının tam aradan qaldırılması mümkün deyil. Amma ortada xoş niyyət və səmimiyyət olarsa, verilən sözə əməl edilərsə, Azərbaycan-İran əlaqələri bəlli bir vaxtdan sonra hər iki tərəfin maraqlarına uyğun şəkildə genişlənə və dərinləşə də bilər...”.

Deputatın sözlərinə görə, hər iki ölkəyə həm iqtisadi, elə həm də geosiyasi mövqelərini gücləndirmək baxımından dövlət başçımızın mətbuata bəyanatında da vurğulandığı kimi ən çox səmərə verəcək layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin bütün gücü ilə işləməsi üçün gərəkən addımların atılmasıdır: “Azərbaycan burada nə lazımdırsa edib, amma Moskvanın da səylərinə baxmayaraq İran hələ də öz ərazisindən keçəcək dəmir yolu xəttinin çəkilişinə başlamayıb. Və Arazın adının ayrılıq rəmzi kimi deyil, nur mənbəyi olaraq hallandırılması üçün onun üzərində müştərək su elektrik stansiyasının tikilməsinin tezləşdirilməsi də, Zəngilanı Naxçıvanla birləşdirəcək kommunikasiya dəhlizi kimi qarşı tərəfin maraqlarına nə dərəcədə cavab verirsə, bir o qədər də ondan asılıdır. Əminəm ki, İran Prezidenti də bütün bunların yaxşı fərqindədir, amma həmin layihələrin sürətləndirilməsi üçün ortadakı əngəllərin aradan qaldırılması gücündədirmi baxacağıq...”.

“Bu, son 5 ilin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər”

Milli Məclisin deputatı Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son 5 ilin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər: “Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək gedişatını müəyyənləşdirəcək mühüm siyasi görüşdür. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İki ölkə başçısının birgə bəyanatı zamanı cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə İran nümayəndə heyətinin geniş tərkibdə Bakıya gəlməsi, rəsmi Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir. Hazırda İran bir çox strateji səbəbə görə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır”.

“Ciddi mesajlar verildi”

M.Cəfərov bildirib ki, İran Prezidenti M.Pezeşkianın Bakıya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı və problemlərin həlli istiqamətində ciddi mesajlar verildi: “İqtisadi layihələr, xüsusilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq mövzuları əsas müzakirə obyektidir. Tehran Azərbaycandan elektrik enerjisi idxalında maraqlı görünür. Düşünürəm ki, bu səfərdən sonra İranla Azərbaycan arasında yeni bir əməkdaşlıq səhifəsi açılacaq və bu da çox uğurlu olacaq”.

Deputat əlavə edib ki, İranla Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq layihələri reallaşdırılır ki, onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur: “Ötən il Azərbaycan mühüm strateji əhəmiyyətə və yüksək tranzit potensialına malik Şimal – Cənub dəhlizinin inkişafı üçün qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Son illərdə Azərbaycan və bir çox dövlətlər arasında Şimal – Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan mühüm sazişlər imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal – Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Sözügedən lahiyə üçün beynəlxalq əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılır. Eyni zamanda, daşıma həcmlərinin artımı və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılır”.

Röya İsrafilova