Bakıda beynəlxalq forum keçirilib Siyasət

Bakıda beynəlxalq forum keçirilib

Rufiz Qonaqov: "Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər illərdir davam edir"

Dünən "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq forum keçirilib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən forumda Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, siyasi ekspertlər və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BMAM sədri Rufiz Qonaqov bildirib ki, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri illərdir davam edir. O qeyd edib ki, Azərbaycanın sülh təşəbbüslərinə və dinc qonşuluq prinsipinə hörmət etməsinə baxmayaraq, Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir: "Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan üçün, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib".
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma "Böyük Ermənistan" yaratmaq iddiaları ilə xalqımıza qarşı terrorçuluq, təcavüz, etnik təmizləmə siyasəti həyata keçirib.
V. Quliyev vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və yeddi ətraf rayon 25 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır və bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Xocalı soyqırımı isə Ermənistanın Azərbaycan xalqına qarşı bu təcavüzünün ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir. Xocalıda insanlar vəhşicəsinə qətlə yetirildi, şəhər yer üzündən silindi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür".
V. Quliyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkənin xarici siyasətinin prioritetidir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələr ölkəmizin beynəlxalq aləmdə mövqeyinin təsdiqlənməsi və möhkəmlənməsi üçün əsasdır".
V. Quliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycan güclü dövlətə çevrilib: "Azərbaycan çox böyük uğurlara imza atıb, güclü ordumuz var. Prezident İlham Əliyev Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcəyini bildirib. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, aprel döyüşləri də Azərbaycanın gücünü göstərdi. O torpaqlar bizimdir və biz o torpaqlara qayıdacağıq".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, 25 ildir ki, Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti heç bir nəticə vermir. E. Nəsirov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrləri, o cümlədən Ermənistan xristian dövlətidir, təcavüzə məruz qalan Azərbaycan isə müsəlman dövlətidir: "Azərbaycan bu gün dinlərarası barışıq məkanıdır, dünyaya multikulturalizm dəyərləri ixrac edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də dinlərarası harmoniyaya sadiqlik olunmalıdır. Azərbaycanın yanında münaqişənin həlli ilə bağlı Türkiyə, Pakistan, Qazaxıstan kimi müsəlman ölkələri olmalıdır. Belə olan halda bəlkə də ədalət öz yerini tapa, münaqişə həll oluna bilər. Bu münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.