QHT-lər bəyanatla çıxış ediblər Siyasət

QHT-lər bəyanatla çıxış ediblər

"Beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır"

Azərbaycan QHT-ləri Alxanlıda erməni vandalları tərəfindən qətlə yetirilən Zəhra ilə bağlı bəyanatla çıxış ediblər. Təşkilatlar "Xalq Cəbhəsi"nə göndərdikləri bəyanatlarda baş verən hadisəyə münasibətlərini açıqlayıblar və beynəlxalq ictimaiyyəti səssiz qalmamğa çağırıblar.
Milli Qeyri Hökumət Təşkilatları Forumunun (MQF) yaydığı bəyanatda bildirilir ki, 2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Fizuli rayonun Alxanlı kəndi 82 və 120 millimetirlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həyatını itirib: "Ermənistan dövlətinin bu çirkin hərəkəti hüquqi aktları – Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş millətlər təşkilatının "Ümumdünya İnsan Haqları Bəyənnaməsi"ni, "Vətəndaş və siyasi hüquqlar haqqında" Konvensiyanı, "Fövqaladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi" Bəyannəməsini kobud sürətdə pozur.
Münaqişənin həll olunmasının prinsipial əsasını BMT Təhlükəsizlik Şürası tərəfindən qəbul edilmiş 822, 853, 874, və 884 saylı qətnamələr təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalı pislənilir, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur.
Biz, beynəlxalq huquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə baqlı qətnamələrinin tələblərinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edir, məsələyə ədalətli münasibət bildirməyə çağırırıq".
"Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin yaydığı bəyanatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin mütamadi olaraq qoşunların təmas xəttində təxribatlar törətməsi və Azərbaycan vətəndaşları olan dinc əhalini atəşə tutmasının nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Sahibə Quliyeva qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb: "Artıq 29 ildir müstəqil Azərbaycan Respublikasının BMT-nin də tanıdığı dövlət sərhədlərini pozaraq topaqlarımızın 20%-ni zəpt edən işğalçı Ermənistanın vandalizm siyasəti bütün çirkinliyi ilə davam etməkdədir. Ermənistan hərbi birləşmələri 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərini və mülki əhalinin hüquqlarını müdafiə edən digər beynəlxalq razılaşmaları kobud şəkildə pozaraq uşaqları, qadınları və qocaları qətlə yetirməkdən çəkinmir. Bu bir yandan Ermənistanın işğalçılıq mahiyyətinin bariz sübutudursa, digər yandan beynəlxalq ictimaiyyətin indiyədək rəsmi İrəvana qarşı təsirli addımlar atmamasının nəticəsidir.
Çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranışı, beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır.
Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər işğalçı Ermənistanın zəpt etdiyi torpaqları sülh yolu ilə tərk etməyə məcbur ediləcəyi ilə bağlı ümidləri aradan qaldırır və Azərbaycan Ordusunu işğalçıya qarşı müvafiq addımlar atmağa vadar edir. Münaqişə zonasında baş verəcək bütün hadisələrə görə məsuliyyət birmənalı olaraq işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Biz Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) olaraq münaqişənin sülh yolu ilə həllinə çağırış edən beynəlxalq institutlardan Ermənistanın Azərbaycanın mülki əhalisini - uşaqlara, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edirik. Hesab edirik ki, gec də olsa nəhayət beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini cavabsız qoymamalıdır".
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi də bəyanat yayıb: "İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və mülki obyektlərini müxtəlif silahlardan intensiv atəşə tutması xeyli dağıntı və dinc insanların həlak olması ilə nəticələnib. Atəş nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra şəhid olublar. Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə yaralanıb. Bu, təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi ilk vandalizm aktı deyil. Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qoymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfat və dağıntılara səbəb olan çox sayda cinayətlər törədib. Ermənistan vandallarının və hazırda işğalçı dövlətin rəhbərliyində təmsil olunanların vaxtilə Xocalı soyqırımı kimi bəşər nəslinə qarşı törədilmiş vəhşilikləri, qətliamı, körpə və məsum uşaqların soyqırımını burada bir daha xatırlatmaq lazım gəlir. Alxanlıda yenidən körpə qanının tökülməsi isə Ermənistan dövlətinin qaniçən simasını bir daha bütün çılpaqlığı ilə açıb göstərdi. Çox təəssüf ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən beynəlxalq təşkilatlar Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görmür. Cəzasız qalacağına inanan Ermənistan isə təcavüzkar əməllərini davam etdirərək, körpə qətliamına və işğala son qoymur.

Ermənistan hakimiyyətinin münaqişənin dinc yolla həllinə yönəlik çağırışlara əhəmiyyət vermədən dinc əhalini bombardman etməsi bir daha göstərir ki, həmsədrlərin rəsmi İrəvana münasibətdə daha sərt mövqe tutmaları zəruridir. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi (QDİİB) Ermənistanın dinc əhaliyə qarşı növbəti vəhşiliyini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatların öz missiyalarına uyğun şəkildə Ermənistandan işğalçı qoşunlarının təxirə salınmadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır. Əks halda, Ermənistanın bu təxribatları cəbhədə gərginliyin artmasına və irimiqyaslı müharibənin təkrar alovlanmasına səbəb olacaq. Buna görə bütün məsuliyyət isə işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının yaydığı bəyanatda vurğulanır ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə iriçaplı silahlardan atəşə tutması nəticəsində rayon sakini Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub: "Digər mülki şəxs Sərvinaz Quliyeva yaralanıb və rayonun mülki obyektlərinə xeyli zərər yetirilib. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyir.
Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.
Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi mütəmadi xarakter daşıyır.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərdən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.
Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər".

Əli