“Bu, energetika siyasətində yeni mərhələnin başlanğıcıdır” Siyasət

“Bu, energetika siyasətində yeni mərhələnin başlanğıcıdır”

“Mingəçevirdə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın energetika siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son 20 ildə ölkədə onlarca yeni stansiya istifadəyə verilib, enerji infrastrukturu yenilənib və yaşıl enerji sahəsində ciddi addımlar atılıb”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, 1280 MVt gücə malik olan bu stansiyanın tikintisində Çin və İtaliya ilə əməkdaşlıq edilib: “Onun istifadəyə verilməsi Azərbaycanın həm daxili enerji ehtiyaclarını ödəyəcək, həm də ixrac imkanlarını artıracaq. Xüsusilə, İkinci Qarabağ müharibəsində Mingəçevirin hədəfə alınması bu infrastrukturun strateji əhəmiyyətini göstərdi”.

Z.Qarayeva əlavə edib ki, bu gün Azərbaycan enerji idxal edən yox, ixrac edən ölkəyə çevrilib və regionda enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir: “Dünyada enerji böhranlarının yaşandığı bir dövrdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik, inkişaf və təhlükəsizlik məkanı kimi mövqeyini daha da möhkəmləndirir. Yeni stansiyanın istifadəyə verilməsi ölkəmizi regionun enerji mərkəzinə çevirən addımlardan biridir”.

Röya İsrafilova