“Ermənistanda bütün hakimiyyətlər Kremllə razılaşdırılıb“ Siyasət

“Ermənistanda bütün hakimiyyətlər Kremllə razılaşdırılıb“

Gələn il Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilir. Maraqlıdır, düşmən ölkədə hakimiyyətə fərqli siyasi qüvvələrin gəlməsi Qarabağ probleminin sülh yolu ilə həlli məsələsində yeni perspektiv aça bilərmi?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bu ehtimalın olduqca zəif olduğunu düşünür. Onun qənaətinə görə, Ermənistanda hakimiyyətə yeni siyasi qüvvələrin gəlməsi nəzəri olaraq mümkündür: "Praktik olaraq Ermənistan hakimiyyəti məsələsi bilavasitə Kremldən asılıdır. Ermənistan "müstəqil dövlət" olandan bəri bütün hakimiyyətlər Kreml tərəfindən razılaşdırılıb. Siyasi hakimiyyətlərin çevrilişi və yeni hakimiyyətlərin gəlişi də mütləq mənada Kreml tərəfindən təşkil olunub.
Gələn il Ermənistanda yeni güclərin hakimiyyətə gələcəyini düşünmürəm. Hətta nəzəri olaraq hakimiyyət dəyişikliyini düşünsək belə, bunun Qarabağ probleminə hər hansı təsiri olmayacaq.
Qarabağ problemi Ermənistanın siyasi iradəsindən asılı olan bir məsələ deyil. Bu, bilavasitə Rusiyanın siyasi iradəsindən asılı məsələyə çevrilib. Rusiya isə 24 ildir ki, bu vəziyyətdən istifadə edərək manipulyasiya edir. Zaman-zaman öz geosiyasi maraqları çərçivəisndə tərəflərə silah satmaqla həm varlanır, həm prosesi idarəedir, həm də bu prosesin hər hansı dünya gücünün moderatorluğuna keçməsinə imkan vermir.
Düşünürəm ki, Ermənistanda ciddi hakimiyyət dəyişikliyi olmayacaq. Olsa belə, bu, Qarabağ probleminin həllinə təsir göstərməyəcək".