“Dilqəm və Şahbazın vəziyyətini daim diqqətdə saxlayırıq” Siyasət

“Dilqəm və Şahbazın vəziyyətini daim diqqətdə saxlayırıq”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseranı qəbul edib.
Müvəkkil onlara Ombudsman təsisatının fəaliyyəti, müxtəlif əhali qruplarının, həmçinin girov və ya əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsi, əsir və girov soydaşlarımızın, o cümlədən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmaması, dünya ictimaiyyətinin bu qeyri-hüquqi, qeyri-insani hadisəyə hələ də susqunluqla yanaşdığının beynəlxalq hüquq normalarına uyğun olmaması ilə bağlı narahatlığını ifadə edib.
Müvəkkil Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini ilk vaxtlardan diqqətdə saxladığını bildirib, onların girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları, onlarla beynəlxalq hüquqi normalara uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün BQXK-nın Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Denis Durana müraciət ünvanladığını, Komitənin Cenevrə şəhərində yerləşən baş iqamətgahında bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə müzakirə etdiyini, həmçinin girovların ailə üzvləri ilə görüşdüyünü vurğulayıb.
Müvəkkil cəbhə bölgəsində baş verən hadisələr, təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlı əhalisinin, o cümlədən uşaqların və qadınların ağır artilleriyadan və iriçaplı silahlardan atəşə tutularaq öldürülməsi və ağır yaralanması, erməni hərbçiləri tərəfindən mülki və sosial obyektlərin atəşə tutulması və dağıdılması haqqında danışıb. Erməni silahlı bölmələrinin Azərbaycanın mülki əhalisini atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olması, beynəlxalq qurumların nəticəsiz fəaliyyətinin və hərəkətsizliyinin cəzasızlıq mühiti yaratdığı və münaqişənin həllinə yardımçı olmadığı diqqətə çatdırılıb.
Öz növbəsində, Elena Ajmone Sessera BQXK-nin Azərbaycan nümayəndəliyinin fəaliyyəti, xüsusilə sərhədboyu rayonlarda həyata keçirilən layihələr, icmalarla aparılan iş barədə məlumat verib, həmçinin D.Əsgərov və Ş.Quliyevin vəziyyətlərini daim diqqət mərkəzində saxladıqlarını, ailələri ilə müntəzəm əlaqələrin yaradılmasına nail olduqlarını bildirib.